Ermənilər Tərtərin əkin sahələrini mərmi atəşinə tutdu

14-05-2016, 12:13           
Ermənilər Tərtərin əkin sahələrini mərmi atəşinə tutdu
Bu gecə Tərtərə 10-a yaxın mərmi düşüb. ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarından başlayaraq Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilib. Lakin gecə saatlarında rayonda nisbi sakitlik olub.

Avtomat və pulemyotlardan atəş açılsa da ağır artilleriya silahlarından istifadə edilməyib. Atışmalar qısamüddətli olub. Kəndlərə ziyan dəyməyib.

Məlumata görə, atılan 10-na yaxın mərminin çoxu əkin sahələrinə düşüb. Sakinlər bildiriblər ki, əkin sahəsinə düşən mərmillərdən birinin partlama ehtimalı var. Əraziya ANAMA əməkdaşlarının baş çəkəcəyi bildirilir.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz mayın 13-ü saat 18.20-dən başlayaraq 14-ü saat 01.50-dək minaatanlardan intensiv olaraq atəşə məruz qalıb.

Ümumilikdə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin mövqeləri və səngərlərinə 124 dəfə cavab zərbəsi endirib.

Aprel müharibəsindən sonra Qarabağ münaqişəsi tərəfləri arasında qarşılıqlı atəşkəs barədə razılıq əldə edilsə də ermənilər hər gün bu anlaşmanı pozur və mövqelərimizi atəşə məruz qoyurlar.

Aöprelin sonunda təmas xəttində vəziyyət yenidən gərginləşib. Nəticədə ermənilərin açdığı atəşlə iki mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. Tərtər, Ağdam da onlarla evə, ictimai binaya ziyan dəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.