“Çirkli bombanı biz də düzəldə bilərik”

14-05-2016, 13:05           
“Çirkli bombanı biz də düzəldə bilərik”
Azərbaycanın Hərbi Prokurorluğunda ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlanıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edir.

Onu da qeyd edək ki, işğalçı Ermənistan son zamanlar Azərbaycanı nüvə silahı ilə də təhdid edir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib ki, yalnız nüvə silahı ilə “Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq” mümkündür.
Məsələ barədə “Yeni Müsavat”a danışan Radiasiya Problemləri İnstitutunun sabiq direktoru Adil Qəribov bildirdi ki, Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) təkcə Azərbaycan deyil, bütün Qafqaz ölkələri üçün problemdir: “Bu, eyni zamanda bizdən çox Türkiyə üçün təhlükəlidir. Çünki aralarındakı məsafə cəmi 16 kilometrdir. Oradakı AES-in təhlükəli olmasının səbəbi onun 1985-ci ildə istifadəyə verilməsidir. AES-in ömrü cəmi 25 ildir. Onun artıq istifadə müddəti başa çatıb. Ancaq hesab edirəm ki, bunu heç zaman Ermənistan dayandırmayacaq. Onlar bundan strateji obyekt kimi istifadə edirlər. Ermənistan nüvə ölkəsi statusunu yalnız bu AES vasitəsi ilə qoruyub saxlayır. Uzun illərdir Ermənistanda AES-in bağlanması məsələsi Azərbaycan tərəfindən qaldırılır. Lakin Ermənistan bildirir ki, enerji təhlükəsizliyimiz bundan asılıdır və dayandıra bilmərik. Ermənistanın əsas məqsədi qeyd etdiyim kimi, nüvə materialına malik olmasıdır. Təhlükəsi olsa da onlar bunu dayandırmayacaqlar”.

A.Qəribov Azərbaycanda da AES tikintisini mümkün sayır: “Ancaq bunun üçün gərək neftin də qiyməti müəyyən həddə çatsın. Hələlik Azərbaycanda AES tikintisinə ehtiyac yoxdur. Çünki neftimiz, qazımız, təbii enerji daşıyıcılarımız kifayət qədərdir. Sovet dövründə Nəvaidə AES-in tikilməsi ilə bağlı layihə var idi. Çox gözəl layihə idi. Ancaq heyf ki, həyata keçirilmədi. Buna baxmayaraq, ölkədə AES-in tikilməsi üçün şərait var. Gələcəkdə buna baxa bilərlər. Bəziləri deyirlər ki, AES-in tikilməsi ölkə üçün zərərlidir. Xeyr, heç bir zərəri yoxdur. Yaponiyada bütün enerjinin 40 faizə qədərini AES vasitəsi ilə alınır. Sadəcə olaraq, bütün lazımı qaydalara riayət etmək lazımdır. Bütün dünya AES-dən istifadə edir. Burada siyasi oyunlar da var. Neft tərəfdarları olanlar bir cür, AES tərəfdarları onlanlar isə başqa cür məlumatlar yayır. Ermənistandakı AES-in isə təhlükəli olmasının səbəbi, yalnız onun köhnəliyidir”.

A.Qəribov Ermənistanın Azərbaycanı təhdidi məsələsinə də toxunaraq bildirib ki, onlarda heç bir nüvə silahı yoxdur: “Bütün təhdidlər də mənasız və yalandır. Nüvə silahı üçün zənginləşmiş uran lazımdır. Onlarda isə nə zənginləşdirici sistem, nə də uran var. Yalnız reaktor üçün istifadə edilən uran varlarıdır, ona da ermənilərin toxunmağa ixtiyarları yoxdur. Çünki bu, Rusiyanın nəzarəti altındadır. Təhdidlər də boş hədələrdən başqa bir şey deyil. Ermənilər yalnız çirkli bombadan istifadə edə bilərlər. Çirkli bombanı biz də düzəldə bilərik. Bunun partlaması nəticəsində ərazi radioaktiv maddələrlə çirklənir. Çirkli bomba hazırlanan zaman partlayıcı maddənin içərisinə radioaktiv izotoplar da qoyurlar. Partlama adi qaydada olur, lakin ətraf ərazi çirklənir. Bu bombalardan yalnız genişmiqyaslı müharibələr zamanı istifadə edilir”.

Onu da qeyd edək ki, bu günlərdə genişmiqyaslı “Stop Metsamor” kampaniyasına başlanılıb. Bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib. Kampaniyanın başlanmasına səbəb AES-in Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilməsidir.

Bu istiqamətdəki daha bir fakt isə ondan ibarətdir ki, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və “Əl-Qaidə” kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.