Baş Prokurorluqdan hakimin qəza ilə öldürülən oğlu haqda - Açıqlama
21-05-2016, 18:19
Bakı şəhər Baş Polis İdarəsi ilə Bakı Şəhər Prokurorluğu Nəsimi rayonunda baş verən qəzayla bağlı birgə məlumat yayıblar.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Kərimov Rəhim Yüzasif oğlu 11 may 2016-cı il tarixdə saat 03 radələrində etibarnamə əsasında idarə etdiyi "Real” Məhdud Məsuliyyətli Müəssisəyə məxsus "Mercedes-Benz S350” markalı, 90 AA 669 dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olarkən Bül-Bül prospektinə daxil olan zaman "Yol hərəkəti haqqında” qanunun tələblərini kobud surətdə pozaraq baş verə biləcək hadisələrin qarşısını almağa texniki imkanı olduğu halda idarəetməni itirmiş, əvvəl küçənin kənarında quraşdırılmış yol nişanını vurmuş, sonra isə səki üzərinə qalxaraq avtomobilin qabaq hissəsilə piyada - 1996-cı il təvəllüdlü, ADA Universitetinin tələbəsi Allahverdiyev Rüfət Elbəy oğlunu vurub səkinin kənarındakı binanın daş divarına sıxaraq çoxsaylı bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır:
"Rüfət Allahverdiyev "Sol bud və baldır sümüklərinin açıq sınığı, sol budda damar zədələnməsi, sağ baldırın açıq yarası, əzələ cırılması, hemorragik şok, massiv trasfüziya sonrası DİC” diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş və ertəsi gün orada vəfat etmişdir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.
İstintaq zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, iş üzrə məhkəmə-tibbi, kompleks məhkəmə tibbi-bioloji və kimyəvi, məhkəmə-kimyəvi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, hadisənin şahidlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, ərazidə olan təhlükəsizlik kameralarının görüntüləri götürülmüş və digər zəruri prosessual hərəkətlər həyata keçirilmişdir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyində R.Kərimovdan götürülmüş tədqiqat nümunələrinin tərkibində "amfetamin”, "metamfetamin” və çətənə bitkisindən alınan "kannabinoid” adlı maddələr aşkar edilmişdir.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Kərimov mayın 14-də tutularaq istintaqa cəlb edilmiş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".
Xatırladaq ki, mərhum Rüfət Allahverdiyevin atası Elbəy Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimidir.
Mətbuatda yayılan iddialara görə, qəzanı törədən Rəhim Kərimovun atası Yüzasif Kərimov isə Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimi olub.