DYP sürücülərə xəbərdarlıq etdi - Texniki baxış müddəti bitmək üzrədir!!!
15-07-2016, 12:57
- Dövlət Yol Polisinin Texniki Baxış idarəsi tərəfindən sürücülərə xəbərdarlıq olunur. Bu barədə DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, sonradan həm sürücülərin və həm də elə DYP əməkdaşlarının əlavə problemlərlə üz-üzə qalmamaları üçün, artıq 3 aydır davam edən texniki baxış prosesi bitmək üzərə olduğundan avtomobil sahiblərinin tələsməsi vacibdir.
Məlumatda deyilir ki, xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri may-iyun-iyul aylarında texniki baxışdan keçməlidirlər. Bu isə o deməkdir ki, iyul ayının sonuncu günü qeyd olunan minik avtomobillərinin texniki baxışdan keçmə müddəti başa çatır.
Avqust, sentyabr və oktyabr aylarında isə yük avtomobilləri və avtobuslar texniki baxışdan keçməlidirlər. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə də DYP tərəfindən texniki baxış talonu verilir. Həmin talonu isə nəqliyyat vasitəsinin alın şüşəsinin aşağı sağ küncünə hər iki tərəfdən 15 santimetr məsafədə yapışdırılır.
DYP xatırladır ki, texniki baxış yerlərində sıxlığın yaranmaması və sürücülərin uzun növbələrdə vaxt itirməmələri, habelə sonradan texniki baxışdan keçməmə səbəbindən hansısa cərimə cəzaları ilə üzləşməmələri üçün artıq tələsmək vacib şərtdir.