Kredit borcunu ödəyən 43 iş adamı sərbəst buraxılıb
2-06-2015, 13:28
Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb.
APA-nın əldə etdiyi məlumata görə, onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib.
Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün bir qrup iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Onların arasında tanınmış iş adamları Nizami Piriyev, Hacı İbrahim Nehrəmli və başqaları da olub.
Adı çəkilən iş adamları da mətbuata verdikləri açıqlamalarında vaxtı ötmüş kredit borclarını ödədikdən sonra sərbəst buraxıldıqlarını bildiriblər.