Qətli törədən Rövşən Həsənov Hacı Sabirin kürəkənidir
28-08-2015, 21:28
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsinin baş verməsi barədə artıq ölkə mətbuatı xəbər yayıb. Qısaca bildirək ki, İbrahimov Nadir idarə etdiyi “Lexus” markalı 90 -SF -333 dövlət qeydiyyatlı nömrə nişanlı maşınla qara rəngli 10 -VM -006 nömrə nişanlı “Lexus” markalı maşını idarə edən Həsənov Rövşənlə Nizami rayonunda görüşüb. Bu zaman Rövşən Həsənov üstündə gəzdirdiyi “Makarov” markalı tapancadan İbrahimov Nadirə 8 güllə atıb. İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) çatdırılsa da dünyasını dəyişib. Mərhumla bağlı Qafqaz Xəbər Agentliyi aşağıdakı məlumatları dəqiqləşdirə bilib. Öldürülən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub və polis mayoru rütbəsi ilə DİN-dən xaric olunub. Onun DİN-də xidmət etdiyi sonuncu iş yeri Səbail RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin baş inispektor vəzifəsi olub. Bu vəzifədən əvvəl o uzun illər DİN-nin pasport qeydiyyat şöbəsində xidmət edib. Evlidir, iki uşaq atasıdır və məşhur müğənni Azər Zeynalovun qaynıdır. O, DİN-dən xaric olunandan sonra biznesmen Nizami Piriyevin qaynı Namiq Əsədovla birgə Butastone şirkətini təsis edib. Son vaxtlar mərhumun Namiq Əsədovla şirkətin bölgüsündə problemləri olub. Namiq Əsədovla birgə təsis etdiyi şirkətin digər şirkətlərdən alacağı pulla bağlı Nadir İbrahimov Namiq Əsədova qarşı məhkəmə iddiası qaldırmışdır. Agentliyimizə daxil olan digər məlumata görə, mərhum “Bakılı oğlanlar” komandasının üzvü, tanınmış aktyor Cabir İmanovla dost və əsgərlik yoldaşı olub.“Təzadlar” qəzetinə məxsus saytın yazdığı son məlumata görə, Rövşən Həsənov 18 yaşından müqəddəs Məkkəni ziyarət edərək hacı titulu almış ziyalıdır, onun belə addım atması qarşı tərəfin ona ağır formada ailə söyüşü etməsi səbəbindən olub. Hadisəni münaqişə zəminində törədən isə əslən Ağdam rayonundan olan Rövşən Həsənovdur və o, könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib. Sayt onu da yazır ki, Rövşən Həsənov da “Butastone” şirkətində çalışıb. Və qətldə istifadə olunmuş «Makarov» tipli tapança N.İbrahimovun əlində olub və münaqişə zamanı R.Həsənov tapançanı onun əlindən alaraq qarşı tərəfə qarşı istifadə edib. O da bəlli olub ki, Rövşən Həsənov tanınmış xeyriyyəçi Hacı Sabirin kürəkənidir.