Bakı toylarının birində dünya şiələrinin hərbi təşkilatı olan “Hizbullah”ın bayrağı qaldırılıb.
Virtualaz.org saytı xəbər verir ki, Vüqar Vəliyev adlı bir nəfər bunu sosial şəbəkələrdə paylaşıb. Şəkildən də aydın görünür ki, iki gənc adam bir sıra ölkələrdə terrorçu təşkilat kimi qadağan edilən “Hizbullah”ın bayraqlarını əllərində tutaraq kamera qarşısında dayanıblar. Fotoşəkil şərhlə müşayiət olunur. Həmin şərhdə gənclər dostları Kamranı toyu münasibətilə təbrik edirlər.
Qeyd edək ki, “Hizbullah” Livanda yaradılmış hərbi şiə təşkilatı və siyasi partiyadır. Bu təşkilat Livanda İran modelli İslam dövləti yaratmaq uğrunda mübarizə aparır. ABŞ, Kanada, İsrail, Böyük Britaniya, Misir və digər ölkələr tərəfindən terror təşkilatı elan edilən “Hizbullah”ın ideologiyası Xomeyninin ideyasına əsaslanır.