Bakının A.İsmayılov küçəsində yerləşən marketdən oğurluq olub.
Lent.az-ın məlumatına görə, polisə müraciət edən 1969-cu il təvəllüdlü Məmmədov Fariz Kamal oğlu saat 00:10 radələrində mağazanı bağladığını və səhər saatlarında obyekti açdığını bildirib. O qeyd edib ki, səhər işə gələndə mağazanın talan edildiyini görüb.
İlkin araşdırma nəticəsində mağazanı talayan şəxslərin müşahidə kameralarına düşdüyü məlum olub. Bəlli olub ki, 2 nəfər maskalı şəxs saat 04 radələrində pəncərədən marketə daxil olub.
Onlar saat 5:15 radələrinədək mağazada qalıblar və bütün tütün məhsullarını, eləcə də içkiləri toplayıb aparıblar. Bundan başqa oğrular mağazadakı ödəmə aparatına müdaxilə edərək onun içindəki 965 manatı da götürüblər.