“Kür-Xəzər” sədrinin dələduzluğu... - İTTİHAM
28-11-2018, 19:26
Hörmətli redaksiya!
“Təzadlar” qəzetinin 20 noyabr 2018-ci il tarixli nömrəsində dərc olunmuş “Üsküklü Ağsaqqal” yazımla bağlı mənə çoxlu zənglər gəlir və gəlməkdə davam edir.
Oxucuları əsasən 2 məsələ maraqlandırır. Birincisi, yazıdakı qəhrəmanımız, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, deməsinə görə hansısa Qeyri Hökümət Təşkilatının üzvü olan Kərimov Akif Meybulla oğlunun törətdiyi külli miqdarda dələduzluqla bağlı Bakı şəhər Xətai Rayon Prokuroru, hörmətli Yusif İldırımzadə tərəfindən AR CM-nin 178.3.2-ci maddəsilə 18 noyabr 2016-cı ildə başlanmış 160116440 nömrəli cinayət işinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Əflatun Səlimov tərəfindən 09.01.2018-ci il tarixdə xitam edilməsi barədə qərarından Baş Prokurorluğa şikayət vermişəmmi və nəticəsi nə olmuşdur?
İkincisi,cinayət işinin istintaqı ilkin olaraq Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılarkən Akif Kərimova qarşı hər hansı təzyiq, zor, qanunsuzluq göstərilməsi olmuşdurmu?
İstərdim ki, qəzetinizdə bu iki məsələyə oxucularımız üçün aydınlıq gətirəm.
Mən cinayət işinin materiallarıyla tanış olduqdan sonra müstəntiq Əflatun Səlimovdan cinayət işinin xitam edilməsi barədə qərarı aldım və həmin qərardan hörmətli Baş Prokurorumuz Zakir Qaralova 04.06.2018-ci il tarixdə şikayət verdim. Şikayətimdən uzun müddət səs çıxmadı. Getdim Baş Prokurorluğa, şikayətimlə maraqlandım, bildirdilər ki, mənim şikayətimi göndəriblər Bakı şəhər Prokurorluğuna. Ona görə ki, Bakı Şəhər Baş Polis İdarəsində aparılan İstintaqa prosessual rəhbərliyi Bakı şəhər Prokurorluğu həyata keçirir. Getdim Bakı şəhər Prokurorluğuna, müəyyən oldu ki, mənim şikayət ərizəm Bakı şəhər Prokurorluğunun daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindədir, şikayətimi araşdırırlar. Həmin idarə ilə bir neçə dəfə telefon əlaqəsi yaratdım. Baş Prokurorluğa 04.06.2018-ci il tarixdə göndərdiyim şikayətə 3 aydan sonra, 07 sentyabr 2018-ci il tarixdə 05-358 №-ilə cavab verildi. Hansı ki, vətəndaşların ərizə, təklif, müraciət və şikayətlərinə baxılması haqqında 30 sentyabr 2015-ci il tarixli qanunun 10-cu maddəsinin 10.1-ci bəndində göstərilir ki, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Məktubu idarə rəisi Elnur Cəfərov imzalamışdır. Özü də necə tələskənliyə yol vermişdisə, mən-şikayətçi vəkilin familyasını Abdullayev yox, Abbasov yazmışdır. Məktubla Akif Kərimovun Qoşqarın atasından aylıq 7%-lə 200.000 ABŞ dolları borc götürməsinin yalan olduğunu özü bilmədən təsdiq etmişdir. Belə ki, məktubda belə göstərilir: “Müəyyən edilmişdir ki, Kərimov Akif Meybulla oğlu Azərbaycan Mikromaliyyələşdirmə Bankından 24 noyabr 2009-cu il tarixdə 247.500 ABŞ dolları, 18 yanvar 2011-ci ildə isə 297.000 ABŞ dolları kredit götürmüş, həmin il ərzində hər ay 10.000 ABŞ dollarından artıq kredit ödənişləri etmişdir. İstintaq zamanı Akif Kərimovun təqdim etdiyi gömrük və vergi bəyannamələrinə əsasən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması və kifayət qədər gəlir əldə etməsi müəyyən olunmuşdur.
Beləliklə, sübut olunmuşdur ki, Akif Kərimov Qoşqar Rəhimovdan deyil, onun atasından 200.000 ABŞ dolları aylıq faizə borc pul almış və həmin məbləği də faizləri ilə birlikdə tam şəkildə qaytarmışdır”.
Hörmətli redaksiya, bizim imkanımız yoxdur ki, hörmətli Elnur müəllimdən soruşaq ki, Mikromaliyyələşdirmə Bankından bir il ərzində yarım milyondan çox, 544.500 ABŞ dolları kredit götürən, biznes fəaliyyəti ilə məşğul olaraq kifayət qədər gəlir əldə edən şəxsin həmin ərəfədə Qoşqarın atasından aylıq 7%-ə müddətsiz 200.000 ABŞ dolları kredit götürməsi nə qədər ağlabatandır. Prokuror bu cür məntiqsiz cavab məktubu yazıb imzalayanda, ən azı Baş Prokuror Zakir Qaralovun zəhmindən və prokuror adından qorxmurdumu?!
Hesab edirik ki, bunu soruşmaq səlahiyyəti ölkənin Baş Prokuroru cənab Zakir Qaralovdadır. Ümidvarıq ki, bu sual gec-tez nə vaxtsa Elnur Cəfərova veriləcəkdir. Ölkənin bir Baş Prokuror var. Onun borcu deyil ki, hər bir cinayət işini qarşısına qoyub oxusun. Ona məruzə edənin vicdanı və qanunçuluğa hörməti olmalıdır, cinayətkarlığa qarşı mübarizə əzmi olmalıdır, Azərbaycan Prokurorluğuna Ulu Öndərimizin güvənməsi və inanması daim aktualdır. Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, bizim cəmiyyətimizin sanitarı rolunu oynayan güc strukturlarıdır.
Oxucularımızı maraqlandıran ikinci məsələ odur ki, əgər Xətai Rayon Prokurorluğunda Akif Kərimova AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanması qanunsuz idisə, onun 2 gün həbsdə saxlanması qanunsuz idisə, onun Qoşqar Rəhimova 20.000 manat ödəməsi və qalan borcu 2 aya ödəyəcəyi barədə vəkilin iştirakı və imzası ilə iltizam verməsi zamanı ona zor tətbiq edilmişdirsə, niyə məhkəməyə müraciət etməmişdir? Bəs nə əcəb 20.000 manatı geri istəməyəcəyi barədə ərizə vermişdir? Əgər Qoşqar Rəhimovu aldadıb 200.000 ABŞ dollarını almamışdırsa, niyə ona 20.000 manat ödəmişdir?
Fikrimizcə, Akif Kərimov bilir və ona tövsiyyə olunub ki, Xətai rayon polisi və prokurorluğu onu nahaq yerə, qanunsuz tutmamışdır. Əksinə, onun dələduzluğunu tam sübuta yetirmişlər, Xətai Rayon Prokurorluğundan və istintaq şöbəsindən harasa şikayət etmək onun ziyanınadır və s. Və o, bu məsələni tərpətməsə yaxşıdır. Çünki onun cinayət işi Xətai rayon Polis İdarəsində qalsa idi, o ədalətli olaraq məhkəmə qarşısına çıxacaq idi və layiqli cəza alacaqdı.
İ.Y.Abdullayev,
Vəkil, publisist 26.11.2018-ci il
“Təzadlar” qəzeti