AZAL bu fotoya görə 3 əməkdaşını işdən çıxardı

27-05-2019, 16:04           
AZAL bu fotoya görə 3 əməkdaşını işdən çıxardı
Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın şəxsiyyət vəsiqəsini paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib.

Məsələylə bağlı ictimai fəallar “AZAL”a müraciət ünvanlayıb. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib:

“26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib.

Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik.

Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, sözügedən şəxslər fotoda vətəndaşın şəxsi məlumatlarını açıq paylaşıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.