Beyləqanda daha bir ÖZBAŞINALIQ - Taleyi qara yazılan vətəndaşımızın bəxti hələ də gətirmir...
15-06-2019, 18:12
1993-cü ildə Xocalı qaçqını, həyat yoldaşı Xocalı aeroportunu müdafiə edərkən qəhrəmancasına həlak olmuş Mehriban Bəkirovaya (Həmzəyevaya) Beyləqan rayonunun Türklər qəsəbəsində 12 sot torpaq sahəsi ayrılıb.
Mehriban Bəkirova və dörd azyaşlı uşağı bütün bu illər ərzində əksər Xocalılılar kimi Goranboy rayonunda yaşayıb. Həmin dövrdə hakimiyyət yerli sovxoz fondundan 22 hektar torpaq ayırıb, amma kadastr sənədlərinin, xəritələrin tərtibatının və məhz kimə və harada torpaq sahəsi ayrıldığını dəqiq şəkildə müəyyən etməyin qeydinə qalmayıb.
Nəticədə ayrılmış torpaq sahələrində tikinti və onlardan istifadə sistemsiz şəkildə və açıq-aşkar pozuntularla həyata keçirilib.
İşsiz dörd uşaqlı (biri lal-kar idi) dul qadın yaşadığı yerdən 200 km məsafədə sənədləri rəsmiləşdirmək iqtidarında deyildi. Bütün bu müddət ərzində o, özünün və övladlarının nə vaxtsa mənimsəyə biləcəkləri qanuni yeri olduğuna inanırdı.
İllər sonra uşaqlar böyüdü, özləri ailə qurdular və onlara ayrılmış torpaq sahəsindən istifadə etmək qərarına gəldilər.
Amma onlar əraziyə gəldikdə məlum olub ki, torpaq sahəsi çoxdan başqasının adına keçirilib və artıq orada məskunlaşıblar...
Beyləqan rayon İcra Hakimiyyətində həqiqətə və ədalətə nail olmaq cəhdləri nəticə verməyib. Orada qaçqına öz torpaq sahəsini yeni sahibindən pulla almağı tövsiyə ediblər.
Keçirdiyi şok ərini itirdikdən sonra 2011-ci ildə azyaşlı qızı Günayı da itirən Mehriban Bəkirovanı əldən salıb.
Turan agentliyinin Beyləqan İH-yə müraciəti Türklər qəsəbə bələdiyyəsinə yönəldilib, bələdiyyə nümayəndəsi Əhmədalı Mürsəlov bildirib ki, bələdiyyənin əlavə torpaq fondu yoxdur və Bəkirovanın sözügedən torpaq sahibini yeni sahibindən yalnız pulla ala biləcəyini təsdiq edib.
Yaranmış vəziyyət Bəkirovanın ürəktutma keçirməsinə və xəstəxanaya yerləşdirilməsinə səbəb olub.
Görünür, Xocalı faciəsindən 27 il sonra belə bu ailənin iztirabları bitməyib.
Xatırladaq ki, Bəkirovanın faciəvi taleyi Litva kinematoqrafçılarının "Sonsuz dəhliz" sənədli filmində ətraflı təsvir edilib. Bu film çoxsaylı beynəlxalq mükafatlar alıb, eyni zamanda Azərbaycan telekannallarında da yayımlanıb.
Ailə başçıları müharibədə həlak olmuş insanlara bu cür münasibət qəzəb və hər cür məzəmmətə səbəb olmaya bilməz.