Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə 7 il cəza istəyib

17-06-2019, 17:37           
Dövlət ittihamçısı Baş prokurorun keçmiş müavininə 7 il cəza istəyib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən M.Cəfərova verilən dələduzluq ittihamının məhkəmədə sübuta yetirildiyini deyərək onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir neçə ay bu vəzifədə çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.