Eldar Mahmudovun bankı çökür... - müflislik həddindən çıxa bilməyib
24-06-2019, 10:42
2017-ci ilin yekununda olduğu kimi, 2018-ci ilin yekununda da “AGBank” ASC müflislik həddində olub.
“Report” bu barədə Bankın audit hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu ilin əvvəlinə “AGBank”ın aktivləri 414,986 milyon manat, öhdəlikləri isə 443,779 milyon manat təşkil edib. Öhdəliklər aktivləri üstələdiyi üçün Bankın cəmi kapitalında 28,793 milyon manatlıq çatışmazlıq olub. Bu, 1 il əvvəllə müqayisədə cəmi 14 min manat azdır.
Xatırladaq ki, ötən ilin əvvəlinə “AGBank”ın aktivləri 411,605 milyon manat, öhdəlikləri isə 440,412 milyon manat təşkil edib. Son nəticədə Bankın cəmi kapitalında 28,807 milyon manatlıq çatışmazlıq olub.
Maraqlıdır ki, “AGBank”ın auditdən keçməmiş maliyyə hesabatlarında Bankın kapitalla bağlı probleminin olmadığı bildirilir. Belə ki, kredit təşkilatı 2018-ci ilin yekununda 52,054 milyon manatlıq, 2017-ci ilin yekununda isə 47,174 milyon manatlıq cəmi kapitala malik olduğunu bəyan edib.