Vüsal Şilderin anasından Kamran Əliyevə müraciət: "Qatillər cəzalansın"

2-05-2020, 20:42           
Vüsal Şilderin anasından Kamran Əliyevə müraciət:
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 21 yaşlı Vüsal Şilderin bir qrup şəxs tərəfindən qətlə yetirilməsindən 7 il ötür.

Publika.az xəbər verir ki, Vüsalın qətlinin 7-ci ildönümündə onun Almaniyada yaşayan anası Mətanət Şilder yenicə Baş prokuror vəzifəsinə təyin edilmiş Kamran Əliyevə müraciət edib. Feysbuk səhifəsindən müraciət yayan M.Şilder oğlunun qətli ilə bağlı işin yenidən araşdırılmasını xahiş edib:

“2013-cü ildə oğlum Vüsal Şilder Bakı şəhər Nərimanov rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sifarişlə qətlə yetirildi. Günün-günorta çağı törədilən və açıq sifariş olduğunu hər kəsin bildiyi cinayəti prokurorluq orqanları,mehkeme orqanlari, tam araşdırmadı və əsl günahkarlar hər kəsə məlum olsa da, məasuliyyətə cəlb edilmədi.
Bir ana kimi Sizdən xahiş edirəm ki, bu işi nəzarətə götürəsiniz. Çünki Vüsal Şilderin ölümünə bütün Azərbaycan ağladı. Sizdən xahiş edirəm, cavan oğlumu qətlə yetirən cinayətkarların qanun qarşısında cavab verməsini təmin edəsiniz”.

Qeyd edək ki, V.Şilderin qətli ilə bağlı açılan cinayət işi əsasında Elman İsgəndərov və Seymur Talıbov adlı şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə hökmünə əsasən, E.İsgəndərov 15 il, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Vüsalın ailəsi onun münasibətdə olduğu qızın atası və qohumları tərəfindən sifarişlə qətlə yetirildiyini bildiriblər. M.Şilder Vüsalın və onunla münasibətdə olan Lalə adlı qızın telefonundakı mesajları və digər sübutları ictimailəşdirib.

Xatırladaq ki, 2013-cü ilin 2 may tarixində Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Nərimanov RPİ 18-ci polis bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Almaniya vətəndaşı olan 21 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır. Belə ki, Almaniya vətəndaşı, “Mercedes” şirkətinin Azərbaycandakı nümayəndəsi Adolf Şilder Bakıda Azərbaycan vətəndaşı olan qadınla evlənib və onun oğlu Vüsalı övladlığa götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru