Azərbaycanın döyüş və PUA təcrübəsi yenidən dünyanın əsas diqqət mərkəzində…

5-11-2021, 00:04           
Azərbaycanın döyüş və PUA təcrübəsi yenidən dünyanın əsas diqqət mərkəzində…
Azərbaycanın İkinci Qarabağ müharibəsində tətbiq etdiyi döyüş taktikası, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) səmərəli istifadə etməsi hələ də dünya miqyasında xüsusi araşdırma predmetidir. O da sirr deyil ki, bir sıra ölkələr Azərbaycan taktikasının tətbiqini ciddi şəkildə nəzərdən keçirir. İndiki halda bu, Ukrayna üçün xüsusilə aktualdır.

Donbasda vəziyyətin yenidən gərginləşməsi fonunda Ukraynanın separatçılara məhz Azərbaycan taktikası ilə qalib gəlmək niyyəti artıq heç kimə sirr deyil. Bu fonda Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti Donbasda vəziyyətin yenidən gərginləşməsi mövzusu ilə bağlı hərbi ekspert Aleksandr Mixaylovski ilə söhbətləşib. Onun fikrincə, Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı 44 günlük müharibə təcrübəsindən istifadə edərək Donbas üzərində nəzarəti geri qaytarmağa hazırlaşır. Və bu zaman “Bayraktar” PUA-larını geniş tətbiq etmək niyyətindədir: “Qarabağdan sonra çoxları bu silahdan qorxur. Və düz edirlər. Haradasa yarım il əvvəl mən demişdim ki, Donetsk və Luqansk döyüşçüləri havaya tez-tez baxmalıdır. Çünki artıq o vaxt Ukrayna həmin PUA-ları poliqonlarda sınaqdan keçirirdi, operator heyətləri hazırlanırdı. İndi isə biz görürük ki, onlar hazırlıqlıdır və Ukraynanın əlində kifayət qədər PUA var. İkincisi, indi üzə çıxır ki, tanınmayan “respublikaların” hava hücumundan müdafiə sistemlərində “dəliklər” var və PUA-lar oradan maneəsiz keçə bilir. Lakin Ukrayna PUA-ları Qarabağda olduğu kimi arxayın uçmur, orada onlar təmas xəttindən xeyli dərinliklərdə erməni mövqelərini rahatca vururdu. Burada isə ehtiyatla hərəkət edirlər. Görünür, rəqibin imkanlarını öyrənirlər”. Fransanın “Le Figaro” qəzeti də məsələyə bu prizmadan nəzər salır. Qəzet öncə ona diqqət çəkir ki, Türkiyə 10 il ərzində ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı pilotsuz uçuş aparatları istehsalçılarından birinə çevrilib. Nəşr qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya və Qarabağda özünü uğurla sübut edən pilotsuz təyyarələrin satışı üzrə müqavilələrin sayını artırıb: "Son iki ildə Türkiyədə istehsal olunan pilotsuz təyyarələr Liviyada, yaxın keçmişdə isə Qarabağda qüvvələr balansını dəyişməyə imkan verib. Azərbaycan, Ukrayna, Polşa və Mərakeşdən sonra Türkiyənin PUA-ları Qırğızıstanda da maraq doğurub. Türkiyədə istehsal olunan pilotsuz təyyarələr səmərəlidir və hərbi təyyarələrdən 20 dəfə ucuzdur. Bu vəziyyətdə NATO Polşa və Latviyanın türk PUA-larını almaq istəyindən ehtiyatlanır".

Rusiyanın “İzvestiya” qəzeti isə diqqəti ona yönəldir ki, ölkənin Müdafiə Nazirliyi Qafqaz dağlarında və Krımda hava hücumundan müdafiə sistemlərinin dağlıq şəraitdə pilotsuz uçan aparatlara qarşı imkanlarını öyrənmək və sınaqdan keçirmək üçün seriya hərbi təlimlər keçirir. Qəzet yazır ki, Qarabağdakı 44 günlük müharibə dağlıq şəraitdə gedən döyüş əməliyyatları zamanı dronların xüsusilə təhlükəli olduğunu göstərib: relyefə görə onları aşkarlamaq və vurmaq çox çətin olur. Ona görə də təlimlərdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə PUA-larla kütləvi hücum edilib və onların radioelektron mübarizə vasitələri, zenit-raket kompleksləri ilə sıradan çıxarılması imkanları öyrənilib. Ekspertlər isə deyir ki, dağlıq şəraitdə ancaq bütün bölmələrin uzlaşdırılmış fəaliyyəti ilə dronlara qarşı mübarizə aparmaq olar. Rusiya Müdafiə Nazirliyi belə təlimlərin keçirildiyini elan etməyib, amma qəzet nazirlikdəki mənbələrdən öyrənib ki, Krımda və Qafqaz dağlarında keçirilən təlimlər zamanı Hava Hücumundan Müdafiə və radioelektron mübarizə bölmələri PUA-ların hücumlarına qarşı yeni taktikanı sınaqdan keçirib. Təlimlər döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə keçirilib, bu zaman dronlara təpəliklərin arxasında və ya dərələrdə gizlənərək hədəflərə yaxınlaşma imkanı yaradılıb. Mənbələr təlimlərin nəticələrinin “uğurlu olduğunu” bildirib. Qaraçay-Çərkəz muxtar respublikasında, Kobu-Başi poliqonunda keçirilən belə təlimlərdən birində Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun dağ motoatıcı bölmələri şərti düşmənin dron hücumunun dəf edilməsini məşq edib. Bu zaman “Tunquska-M1” zenit-pulemyot kompleksindən və “Strela-10” zenit-raket kompleksindən, “Jitel” radioelektron mübarizə kompleksindən istifadə edilib. Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hərbi sənaye kompleksinin və Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə PUA-larla bağlı xüsusi müşavirə keçirmişdi.

Hərbi ekspert Viktor Muraxovski “İzvestiya” qəzetinə deyib ki, dağlarda ən sadə zərbə dronları belə bir sıra üstünlüklər əldə edir və radarlar, optik vasitələr onları dağların arxasından görə bilmir. Nəticədə dronlar görünməz hücum, o cümlədən hava hücumundan müdafiə sisteminə hücum üçün yaxşı şans qazanır, müdafiə olunan tərəfin cavab reaksiyası üçün vaxtı az olur. Ona görə də dronlara qarşı mübarizədə həm uzaqmənzilli radarlara malik təyyarələr, həm də yerüstü qüvvələr tətbiq edilməlidir. Yerüstü radarları təpələrin üstündə effektiv şəkildə yerləşdirmək lazımdır. Yüksəkliklərdə döyüşçüləri yerləşdirməklə binoklların köməyi ilə vizual müşahidə aparılmalıdır. Hətta snayperlər də bu mübarizəyə cəlb olunmalıdır. Ekspert bildirib ki, Qaraçay-Çərkəzdə keçirilən təlimlərdə məhz belə dəstə formalaşdırılıb. Qəzet yazır ki, ötən il Qarabağdakı döyüş əməliyyatları dronların Rusiya üçün də necə təhlükəli ola biləcəyini göstərdi. Həmin müharibədə Azərbaycan “Bayraktar TB2” zərbə PUA-larından, İsrail istehsalı olan müxtəlif kamikadze-dronlardan, hətta Türkiyənin istehsalı olan kiçik “Kargu-2” kamikadze-kvadrokopterlərindən istifadə edib. Dronların köməyi ilə düşmənin zirehli texnikası, artilleriyası və hava hücumundan müdafiə vasitələri məhv edilib. Ona görə də Rusiyanın hava hücumundan müdafiə sistemi təkmilləşdirilir, bu yaxınlarda keçirilən “Qərb-2021” təlimlərində isə hava hücumundan müdafiənin yeni idarəetmə sistemi tətbiq edilib.

Samirə SƏFƏROVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.