Avro hara gedir? – Sürətli ucuzlaşmanın səbəbləri

15-07-2022, 21:25           
Avro hara gedir? –
Son günlər avronun məzənnəsi manat qarşısında kəskin şəkildə düşüb. Məlumdur ki, Azərbaycan Avropa Birliyi ölkələri ilə avro əsasında ticarət əlaqələri aparır.

Maraqlıdır, belə olan təqdirdə avronun dəyər itirməsi Azərbaycan iqtisadiyyatına, həmçinin Avropa ilə ticarət əlaqələrinə hansı yöndə təsir göstərəcək?

Mövzu barədə “Yeni Sabah”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli ilk əvvəl manatın dollar qarşısında uzun müddət sabit qiymətdə saxlanılmasına toxunub:

“Bizdə sabit məzənnə rejimində ancaq manatın dollar qarşısındakı dəyəri saxlanılır. Artıq beşinci ildir ki, dolların qiyməti 1,70 manatdır. Dolların digər valyutalara olan nisbətində hansı dəyişiklik olursa, çarpaz məzənnə ilə həmin valyutaların Azərbaycan manatındakı dəyəri hesablanır. Avro məhz ona görə manat qarşısında dəyərdən düşdü, az qala dollarla bərabərləşib. Avropa Birliyi ölkələri bizim əsas ticarət tərəfdaşımızdır, amma uzunmüddətli müqavilələrdə elə bir ciddi təsiri yoxdur. Çünki uzunmüddətli müqavilələr daha çox enerji sektoruna aiddir.

Lakin gündəlik tələbat malları, hətta avtomobil alışı ilə bağlı ciddi təsiri var. Bu gün Avropdan Azərbaycana avtomobillər də sifariş olunur. Hazırkı göstəricilərə baxdıqda yaxın zamanda bunların qiyməti düşməlidir. Çünki manat avroya qarşı güclənirsə, məntiqlə Avropadan gələn malların qiyməti ucuzlaşmalıdır. Bunun baş verib-verməyəcəyini demək isə bir qədər çətindir. Çünki Azərbaycanda bəzən iqtisadi qanunlar ya daha gec işləməyə başlayır, ya da iş adamları gözləmə mövqeyi tuturlar ki, birdən təkrar məzənədə dəyişiklik olar. İtkilərin qarşısını almaq üçün tələsik addım atmırlar. Amma, əslində, atmalıdırlar”.

Ekspert diqqətə çatdırıb ki, yaxın həftələrdə ucuzlaşma baş verməsə, deməli, iş adamları gözləmə mövqeyi tutmağa üstünlük verirlər, avronun yenidən qalxmasından və ziyana düşməkdən ehtiyatlanırlar:

“Ən azından yaxın iki həftədə Avropadan gələn məhsulların qiymətində müəyyən dəyişiklik olmalıdır. Bizim hazırkı vəziyyətdə zərərlə qarşılaşacağımızı düşünmürəm. Çünki uzunmüddətli müqavilələrdə avro əsas götürülürsə, orada manatın avro qarşısındakı dəyərinə baxılmır. Avronun Azərbaycan manatına qarşı hansı məzənnədə olacağı bu tip müqavilələrdə öz əksini tapmır. Əgər ödəniş avroyladırsa, qiymət düşsə belə biz həmin avronu ödəyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.