"Masazırda yeni tikilən binalar çökür"
25-07-2016, 13:57
“Hara gediriksə, deyirlər, “ağlınız olaydı, ordan ev almayaydınız”. Axı burdan ev alanların heç də hamısı bənna, mühəndis, rəngsaz, mütəxəssis deyil ki, aldığı evin divarlarının qısa müddətdən sonra çat verəcəyini əvvəldən bilsin. Sonuncu qəpiyimizə qədər xərcləyib ev alıb, təmir edib içərisinə girmişik. İndi binaların ayıbları üzə çıxmağa başlayıb”.
Toğrul Məcidov 3 il əvvəl Masazırdakı “Yeni Bakı” yaşayış kompleksindən mənzil alıb. Deyir, indi binanın divarlarındakı çatları görüb qorxuya düşüb.
“Sonradan bilmişəm ki, buranın yeri əvvəllər göl olub, binaların çökmə təhlükəsi var. Evi sata bilmirəm. Gələn müştəri binalardakı çatı görüb geri qayıdır”.
Bina sakini Sabir Kazımov:
“Ötən həftə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, binalara baxış keçirdilər. Şifahi şəkildə bildirdilər ki, şəhərcikdəki 1-ci və 2-ci “P” şəkilli binaların, eləcə də bu binalarla üzbəüz səkkiz təkbloklu binanın Nazirlikdən istismara qəbul aktı var. Biz bunu ilk dəfə onlardan eşidirdik. Həm də şifahi... Tələb edirik ki, “Yeni Bakı”da istismara qəbul aktı olan binaların sayını və nömrələrini bizə yazılı şəkildə bildirsinlər. Həmin binaların sakinləri kimi həmin aktların bir nüsxəsi də bizdə olmalıdır. Əslində məqsəd bəllidir, biz binaların keyfiyyətsizliyindən məhkəməyə müraciət edəndə həmin aktları da məhkəməyə təqdim edə bilərik və FHN çıxılmaz durumda qalar. Ona görə də “istismara qəbul aktı var” deyib ötməklə kifayətlənirlər”.
“SANKİ HƏBSXANADIR”
“Yeni Bakı” yaşayış kompleksini “İlin Dörd Fəsli” MMC inşa edib. Sakinlər deyirlər, MMC ilə əvvəl işıq, sonra mənzillərə “Çıxarış” davasına çıxıblar. Bu davalar bitməmiş binalar çat verməyə başlayıb. Ancaq bunlar bir tərəfə, Sabir Kazımovun deməsinə görə, binanı inşa etmiş MMC-nin əməkdaşları sakinlərlə, az qala, həbsxana işçisi kimi davranırlar:
“Çıxarış vermirlər ki, sakinlər mənzillərə olan mülkiyyət hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrdində qeydiyyata aldıra bilsinlər. Özünü "İlin dörd fəsli” MMC-nin təmsilcisi kimi təqdim edən şəxs ortalığa mühafizəçi və işçilərini buraxıb, girirlər binalara, kommunal pulu, su, işıq pulu tələb edirlər, ödəməyənlərin işığını kəsir, sayğaçlarını qoparıb tullayırlar. Binanın liftini qəsdən xarab edirlər ki, sakinlər istifadə edə bilməsinlər. Binanın qanuni idarəedilməsini həyata keçirən "Abşeron-1" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin lövhəsini binanın divarından söküb atırlar. Görün, nə dərəcədə özbaşınalıqdır ki, binanın girişinə qapı və domafon qoymağımıza da fiziki güc tətbiq etməklə imkan vermirlər. Sakinlərlə əl-qolu bağlı dustaq kimi davranırlar, sanki həbsxanadır”.
“NAZİRLİKLƏR ARAŞDIRMALIDIR”
Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, qurumun əməkdaşları binadakı vəziyyətlə tanış olarkən divarlarda çatlar və binada çökmə əlamətləri müşahidə ediblər:
“Ancaq o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini biz yox, bu işlə məşğul olan Fövqəladə Hallar Nazirliyi müəyyən edə bilər. Səbəblər də həmin Nazirlik tərəfindən araşdırılmalıdır. Elə məsələlər var ki, onu da Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırmalıdır – məsələn, kompleksin yerləşdiyi torpağın xassəsini və sair...”
“Yeni Bakı” sakinləri fövqəladə hallar naziri Kəmaləddin Heydərova belə bir məzmunda müraciət ünvanlayıblar: “Cənab nazir, "Yeni Bakı" Yaşayış Kompleksindəki vəziyyəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik. Binalardakı çatlarla bağlı mətbuatda dərc olunan yazılardan sonra əl-ayağa düşən komendantlıq işçiləri çat yerlərini suvayıb boyamaqla ictimaiyyəti aldatmağa çalışır. Sabah bu binalar çöksə, insanlar tələf olsa, prezidentə kim, nə üzlə cavab verəcək?”
“BOŞ SÖHBƏTLƏRDİR”
“İlin dörd fəsli” tikinti şirkətinin adını çəkməyən əməkdaşı məsələyə belə münasibət bildirib:
– Biz o məsələlərə aydınlıq gətirmişik, boş söhbətlərdir, o şikayətlərin heç bir əsası yoxdur. Hər şeyə sənədlərlə aydınlıq gətirmişik. Şaiyələri yayanlar da məhkəməyə veriləcək.
– İş orasındadır ki, binalarda çat əmələ gəlməsini həmin binaların sakinləri bildirir. Hətta prezidentdən və fövqəladə hallar nazirindən də kömək istəyirlər. Siz həmin sakinləri məhkəməyə verəcəyinizi nəzərdə tutursunuz?
– Kim bu şaiyələri yayırsa, məhkəməyə verəcəyik.
– Abşeron rayon icra hakimiyyəti də binalarda çatlar olduğunu təsdiqləyir. Onları da məhkəməyə verəcəksiniz?
– Əlimizdə sənədlərimiz var. Heç bir binada çat yoxdur və hansısa binanın çökmə təhlükəsi yoxdur. Fövqəladə hallar Nazirliyindən sənədimiz var.
– Digər şikayət Çıxarışların hələ də verilməməsi ilə bağlıdır...
– Çıxarışlar hazırlanır, yaxın vaxtlarda sakinlərə veriləcək.
– Bir də sakinlər şirkət əməkdaşlarından birinin davranışından şikayətlənirlər. Demələrinə görə, işığa borcu olanların sayğaclarını bağlayır, lifti xarab edir, sakinlərlə kobud davranır...
– Yalan söhbətdir. Bizim belə bir əməkdaşımız yoxdur.
Mənbə: AzadlıqRadiosu