Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən azad edilib
30-01-2024, 08:39
Ukrayna Ali Radasının keçmiş deputatı Boris Bereza Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnının vəzifəsindən azad edildiyini bildirib. Berezanın sözlərinə görə, müvafiq qərarı ölkə prezidenti Volodimir Zelenski verib.
Editor.az bildirir ki, bunun rəsmi təsdiqi yoxdur. Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefası ilə bağlı belə şayiələr ilk dəfə deyil. Yanvarın 20-də Ukrayna mediası anonim mənbələrə istinadla eyni şeyi yazıb, lakin o zaman məlumat da təsdiqini tapmamışdı.
Ötən il noyabrın 2-də Zalujnı Britaniyanın “Economist” nəşrinə müsahibəsində bildirib ki, Ukrayna Silahlı Qüvvələri döyüşlər zamanı irəliləyişə nail ola bilməyəcək və Ukrayna münaqişəsi dalana dirənib.
Ali Baş Komandan Ukrayna ordusunun Rusiya ordusundan ciddi şəkildə geri qaldığını qeyd edib. Bu cür açıqlamalardan sonra Zalujnının işdən çıxarıla biləcəyi ilə bağlı söz-söhbətlər yayılmağa başlayıb.