“Bakı Metropoliteni”ndə kütləvi ixtisar, bu şəxslərin vəzifələri aşağı salınır - RƏSMİ CAVAB
1-02-2024, 19:22
“Bakı Metropoliteni” QSC-də mərkəzləşmiş məntəqə növbətçilərinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, mərkəzləşmiş məntəqə növbətçilərinin vəzifələrindən çıxarılacağı, bunun əvəzinə daha aşağı vəzifələrə təyin olunacaqları bildirilib.
TEREF xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün lent.az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-yə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğuya cavab olaraq bildirib ki, Bakı metropolitenində texniki yenilənmənin zəruri tələblərindən biri məhz optimallaşma tədbirlərinin aparılmasıdır.
Onun sözlərinə görə, bu, tək insan resurslarını deyil, eyni zamanda texniki sahələri özündə ehtiva edir:
“Hazırda metropolitendə platforma növbətçisi vəzifəsi var. Buna qədər isə qatarların qəbulu və yola salınması vəzifəsi var idi. Qatarlarda, stansiyaların texniki təchizatında müvafiq yeniliklərin tətbiqi və dövrün tələblərinə uyğun texnoloji proseslərin yeni istiqamətdə qurulması, məhz daha perspektivli platforma növbətçisi vəzifəsinin yaradılması, eləcə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlandı. İllərdir ki, bunun müsbət nəticələrini görürük. Qeyd edilən məsələ, yəni mərkəzləşmə məntəqə növbətçiləri ilə bağlı atılan addımlar məhz texnoloji yeniləşmənin və optimallaşmanın tərkib hissəsidir. Lakin bu tədbirlər həyata keçirildikdə hər hansı kütləvi ixtisarlar yox, mərhələli şəkildə zəruri tələblərə və sistemlərə əsasən vəzifələrin bölgüsü prinsipləri tətbiqi nəzərdə tutulub. Bu hər dövrdə olan bir prosesdir. Texniki yeniliklər, innovasiyalar və digər məsələlərin hər biri bu və ya digər sahədə hərəkətin təhlükəsizliyi əsas olmaqla təşkilati işlərin dövrün tələblərinə uyğun qurulmasını zəruri edir. Burada işçilərin əsas istəkləri və maraqları nəzərə alınır. Onların hər hansı bir formada hüquqlarının tapdalanmasından söz gedə bilməz”.