Rusiya Xarkov və Odessanı PUA-larla vurdu – Xeyli sayda ölən və yaralananlar var
10-02-2024, 11:21
Dünən gecə Xarkovda pilotsuz təyyarənin hücumu nəticəsində üçü uşaq olmaqla 7 nəfər həlak olub.
Bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.
Daha əvvəl Xarkov meri İqor Terekhov bildirib ki, Rusiya pilotsuz təyyarələri yerli yanacaqdoldurma məntəqəsini vurub, nəticədə partlayış baş verib. 14 yaşayış binası yanıb, ikisi uşaq olmaqla 50 nəfər təxliyə edilib. Yanğın sahəsi 3700 kvadratmetr olub.
Odessa vilayətində pilotsuz təyyarələrin hücumu nəticəsində ilkin olaraq 4 nəfər yaralandığı barədə xəbər var.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, fevralın 9-na keçən gecə Rusiya Ukrayna ərazisinə 31 pilotsuz uçan aparat buraxıb. Onlardan 23-ü Odessa və Xarkov vilayətləri daxilində vurulub.
Rusiya Müdafiə Nazirliyi öz növbəsində fevralın 10-na keçən gecə Bryansk vilayəti üzərində üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Qara dənizdə isə bir pilotsuz qayıq vurulub. Rusiya Müdafiə Nazirliyi hücumlara görə Ukrayna ordusunu ittiham edib.“AzPolitika.info”