Rüfət Quliyev üçün çətin mərhələ BAŞLAYIR
12-08-2016, 12:17
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti Milli Məclisin İntizam komissiyasında araşdırıla bilər. Bu haqda “Yeni Müsavat”ın sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev bildirib: “Sələmçiliyə qanun icazə verirsə, deputat bu fəaliyyətlə məşğul ola bilər. Yox, əgər qanun icazə vermirsə, deputatın sələmçilik etməsini yasaq edirsə, bu məsələni yoxlayacağıq, bundan sonra baxarıq”.
A.Abıyev məsələni araşdırandan sonra müvafiq qərar verəcəklərini söylədi: “Mən məktub yazaram, aydınlaşdıraram ki, belə bir şey var, ya yoxdur, ondan sonra İntizam komissiyası nizamnaməsinə uyğun olaraq tədbir görəcək”.
A.Abıyev mətbuatda deputatın sələmçiliyi ilə bağlı yazılanlarla da tanış olacağını bildirdi. Əlavə etdi ki, bundan sonra mətbuata konkret olaraq bir söz deyə biləcək.
Yada salaq ki, Lənkaranın deputatı olan Rüfət Quliyevin sələmçilik fəaliyyəti ilə bağlı mətbuatda, həmçinin “Yeni Müsavat” qəzetində çoxsaylı materiallar dərc olunub.
Ötən saylarımızda “Deputat Rüfət Quliyev sələmə pul verirmiş” sərlövhəli yazıda məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaca qeyd edirik ki, Rüfət Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul verdiyini, məbləğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib. Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edir. Deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova müxtəlif instansiyalara məktub yazaraq deputatın onun mərhum həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ keçirmək üçün hərəkətə keçdiyini qeyd edib. Mərhum iş adamının həyat yoldaşı müraciətində deputat Rüfət Quliyevin əmlaklarını ələ keçirmək üçün şəxsən ona etdiyi təzyiq nəticəsində son əlac kimi özünə qəsd etmə həddinə çatdığını da bildirib.
Deputatın iddiasına avqustun 18-də Səbayel Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq.