Başçı müavini fermer torpaqlarını zəbt edib - NARAZILIQ VAR...

12-08-2016, 12:30           
Başçı müavini fermer torpaqlarını zəbt edib - NARAZILIQ VAR...
Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov "Ədalət” kəndli fermer təsərrüfatına məxsus torpaqları zəbt edib.

Vizual.Az xəbər verir ki, bu barədə İsmayıllı sakini Ədalət İsmayılov məlumat verib.

Onun sözlərinə görə, başçı müavini saxta sərəncamla ona məxsus böyük bir ərazini öz qardaşının adına keçirib. Sonra da ondan ərazini tərk etməsini tələb etməyə başlayıb.

"14 ildir ki, fermer təsərrüfatı ilə məşğul oluruq. Yaxın qohumlardan ibarət üç ailə birləşərək "Ədalət” kəndli fermer təsərrüfatı yaratmışıq. 2002-ci ildə Kürdəmir rayonu ərazisində İsmayıllı rayonuna təhkim olunan, sahəsi 487 hektar olan qışlaq otlaq sahəsini İsmayıllı rayon İcra Hakimiyyətinin sərəncamı ilə 15 il müddətinə icarəyə götürdük. Elə təsərrüfatı da həmin sahədə yaratdıq. Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə həmin ərazilər Kürdəmir rayonunun inzibati ərazisinə daxil edildiyindən yenidən Kürdəmir rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə 430 hektar ərazini 15 il müddətinə icarəyə götürdük.
Bu dəfə sərəncamı alanda məlum oldu ki, əvvəlki ərazinin fermerlik fəaliyyətinə ən münasib hissəsindən 85 hektarı başçının birinci müavini Tacəddin Novruzov öz qardaşı Sədrəddin Novruzovun adına rəsmiləşdirib. 100 hektar sahə isə ayrı-ayrı adamlara verilib. Maldarlıq, qoyunçuluğa ən yararsız, şoran sahəni mənə ayırdılar.

Əlimdə 430 hektar sahəyə xəritə, kadastr planı olmasına baxmayaraq, həmin sahə bu günə qədər də ölçülüb verilməyib, təhkim aktı yazılmayıb. Sahəyə buraxmırlar, heyvanları dava-dalaşla örüşə keçiririk. Deyirlər, "Sədrəddinin ərazisinə girirsən”. Halbuki, o ərazini məndən xəbərsiz ona veriblər. Həmin əraziyə mənim 2023-cü ilədək icarə müqaviləm var”.

Fermerin şikayətləri prokurorluq orqanlarınadək gedib çıxıb. Başına gələnlərdən müxtəlif instansiyalara qalaq-qalaq məktublar göndərib. Ancaq özü demiş, nə faydası...

Kürdəmirin icra hakimiyyətindən bildirilib ki, Ədalət İsmayılovun "Ədalət" kəndli fermer təsərrüfatı MMC-yə icarəyə torpaq sahəsi ayrılması və başqaları tərəfindən zəbt olunması barədə deyilənlər həqiqətə uyğun deyil. Hazırda torpaq sahəsinə icarə hüququ onun özündədir. Sədrəddin Novruzova ayrılmış 185 hektar örüş sahəsi isə onun icarəyə götürdüyü sahənin qonşuluğundadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.