İcra hakimiyyəti şəhid anasının fəryadını qulaqardına vurur - ŞİKAYƏT VAR
17-08-2016, 11:19
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, şəhid ailəsi, Balakən şəhər, 20 yanvar küçəsi ev 14-də yaşayan, şəhid ailəsi Töhfə Vəli qızı Əliyevanın yaşadığı ev baxımsızlıq ucbatından uçub-dağılmaq təhlükəsilə üz-üzə qalıb. Nəzərinizə çatdıraq ki, Töhfə Əliyeva məsələ ilə bağlı Gundelik-Baku.com-a ünvanladığı şikayət ərizəsində bildirib ki, Balakən Rayon İcra Hakimiyyətini vəziyyətlə bağlı xəbərdar edib və adıçəkilən quruma bir neçə dəfə rəsmi qaydada müraciət edib. Lakin indiyədək icra hakimiyyətindən müsbət cavab ala bilməyib.
Məlumat üçün bildirək ki, Töhfə Əliyevanın övladı Saleh Mustafa oğlu Əliyev erməni qəsbkarlarına qarşı aparılan döyüşlərdə iştirak edib və 1992-ci ildə Ağdamın Ağdərə kəndi istiqamətində aparılan şiddətli döyüşlər zamanı itkin düşüb. 12 iyun 2006-ci ildə isə şəhid statusu alıb. Özünün ikinci qrup əlil olduğunu vurğulayan şikayətçinin sözlərinə görə, o, dövlətdən verilən təqaüd hesabına dolanır və indiyədək şəhid ailəsi kimi hər hansı bir məsələ ilə bağlı heç bir dövlət qurumuna müraciət etməyib. İndi isə evi uçmaq təhlükəsində olduğundan məcburiyyət qarşısında qalıb Balakən Rayon İcra Hakimiyyətindən və digər aidiyyəti orqanlardan yardım istəyir. Təəssüf ki, icra hakimiyyəti onun müraciətlərinə yetərincə diqqətlə yanaşmır, laqeydlik nümayiş etdirir. Məsələn, 11 avqust 2016-cı il tarixdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Zahid qızı Nuriyevanın imzası ilə Töhfə Əliyevaya ünvanlanan cavab məktubunda birmənalı şəkildə bilirilib ki, icra hakimiyyəti şəhid ailəsinə heç bir köməklik göstərməyəcək. Belə ki, sözügedən məktubda məhz bu cür qeyd olunur: «Siz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon icra hakimiyyətinə müraciət mənzil şəraitinizin pis olduğu üçün yaşadığınız evin təmir olunmasına və ya yeni ev tikintisinə köməklik göstərilməsini xahiş etmisiniz. Müraciətiniz rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində araşdırılmışdır. Məlum olmuşdur ki, siz 3 nəfər əmək qabiliyyətli övladınızla birlikdə 1978-ci inşa edilmiş təqribən 120 kvadratmetr ümumi sahəsi olan evdə yaşayırsınız. Ev uzun müddət təmir olunmadığı üçün aşınmışdır. Araşdırmanın nəticəsi olaraq bildiririk ki, ailəniz üçün ev tikintisi və ya təmiri rayon icra hakimiyyətinin imkanları xaricindədir. Odur ki, yaşadığınız evi sığorta etməniz və əmək qabiliyyətli ailə üzvləriniz ilə birlikdə evin təmir olunması sizə tövsiyə olunur».
Gördüyünüz kimi, Balakən Rayon İcra Hakimiyyəti hər an uçub dağılmaq təhlükəsilə üz-üzə qalan evdə yaşamaq məcburiyyətində olan şəhid anasına birmənalı şəkildə yardım göstərməyəcəyini bildirməklə yanaşı, hələ bir üstəlik ailəyə tövsiyə də verib. İcra hakimiyyəti və onun yetkili şəxsləri bilməlidirlər ki, əgər Töhfə Əliyevanın maddi imkanı yol versəydi, o zaman o, evini öz hesabına təmir edərdi. Lakin hazırda buna imkanı yoxdur. Bununla yanaşı, Balakən Rayon İcra Hakimiyyətinin səlahiyyət sahiblərinin nəzərinə onu da çatdırmaq istərdik ki, əmək qabiliyyətli olmaq, hələ işliyib normal qazanc əldə etmək demək deyil. Bir sözlə, icra hakimiyyəti əcaib cavabı ilə şəhid anasının fəryadını quluqardına vurur!
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.