GEM-in şöbə rəhbəri: "Sex milçək yuvasıdır" - "Ovqat" kolbasaları
19-08-2016, 19:09
Bakıda mağazadan alınan “Ovqat” şirkətinin istehsalı olan “Maşa və medved” kolbasasının içindən milçək çıxması müzakirə predmeti olaraq qalır. Düzdür, şirkətin rəhbəri obyektində milçək olmadığını iddia edir. Lakin sosial şəbəklərdə yayılan şəkillərdə milçək kolbasanın üz qabığının iç tərəfinə elə yapışıb ki, sanki əlavə olunmuş inqredientlərdən biridir. Məhz bu da kimin haqlı, kimin haqsız olduğunu təyin etməkdə çətinlik yaradır.
“Ovqat” şirkətinin rəhbəri Anar Rzayev Publika.az-a açıqlamasında bildirib ki, istehsaçı kimi məhsulunun keyfiyyəti onu narahat edir. Müəssisəsində milçək olmadığını bilidrən A.Rzayev deyir ki, həşarat kolbasanın üz qabığının iç tərəfinə sonradan məqsədli şəkildə qoyulub.
Maraqlıdır ki, o bu məsələdə bazardakı rəqiblərindən deyil, qapısına gəlib pul ala bilməyən dələduzlardan şübhələnir: “Bilmirəm istehsal prosesinə nəzarət edim yoxsa, qapıya pul almağa gələn fırıldaqçıları yola salım? Mən bazarda yeganə istehsalçıyam ki, ərzaq təhlükəsizliyi üzrə elmi iş müdafiə etmişəm. Sizcə mənim seximdə milçək ola bilər?!”
2006-cı ildən kolbasa istehsalı ilə məşğul olduğunu bildirən A.Rzayev deyir ki, hər şeyin səbəbi üzünün yumşaq olmasındadır: “Əlaqə nömrəmə qədər kolbasaların üzərinə yapışdırmışam”.
O, söz-söhbətə son qoymaq üçün müəssisənizin qapısını mediaya açacağını deyir.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev isə sözügedən istehsalçıda yoxlama aparmadıqlarını söylədi. Onun sözlərinə görə, bu ancaq İqtisadiyyat Nazirliyinin icazəsi ilə baş tuta bilər: “”Ovqat”kolbasasının içərisindən milçək çıxıb-çıxmadığını söyləyə bilmərik. Lakin istənilən kolbasa sexində həşaratlarla mübarizə həyata keçirilməlidir. Sexin içərisində havanın temperaturu aşağı salınmalıdır. Ola bilsin ki, milçək qablaşdırma zamanı təsadüfən ora düşüb. Ola da bilər ki, bu, təsadüf deyil, elə sex milçək yuvasıdır. Hər halda baxış keçirilməlidir”.
İqtisadiyyat şöbəsi