AYDIN MİRZƏZADƏNİN ŞADLIQ SARAYI VƏ… - Deputatın “MTN işi” məhbusu ilə şərikliyi üzə çıxdı (Video)
21-08-2016, 10:20
Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Elxan Məhəmməd oğlu Nəbiyev millət vəkili Aydın Mirzəzadədən şikayətçidir. Deyir ki, millət vəkilinə məxsus “Firəngiz” şadlıq evində şəkil çəkmək üçün qoyduğu 10 min manatlıq depozitini geri ala bilmir:
“Mingəçevirdə fotoqraf kimi fəaliyyət göstərirdim. Millət vəkili Aydın Mirzəzadəyə məxsus “Firəngiz” şadlıq sarayına getdim ki, danışım, orda olan toylarda şəkilləri mənimlə dostum çəkək. Bu şadlıq sarayı deputatın anasının adını daşıyır, icraçı direktor isə qardaşı Üzeyir Mirzəzadədir. Üzeyir müəllim telefon nömrəmi götürdü, dedi ki, Aydın Mirzəzadə ilə danışandan sonra mənə cavab verəcək. Sonra zəng etdi, dedi, sizə mərtəbənin birini veririk, əvəzində 5 min manat depozit qoyacaqsız. Nə vaxtsa planı verə bilməsəniz depozitdən çıxacağıq. Plana görə, toyda adamın biri 30 qəpikdən hesablanırdı, 500 nəfər üçün 150 manat ödəyirdik. Elə oldurdu ki, planın pulu çıxmırdı, öz cibimizdən ödəyirdik. Yəni biz borclu qalmamışıq ki, onu depozitdən çıxsınlar. Mingəçevirdəki şadlıq saraylarının içərisində ən böyük plan bu şadlıq sarayındadır. İşlədik, 2-3 il keçdi, Üzeyir müəllim dedi ki, ikinci zalı da sizə veririk, yenə depozit qoyun. Birinci dəfə verdiyimiz depoziti də bankdan götürmüşdük. Bu dəfə də “Access bank”dan dollarla kredit götürüb 5 min dollar Üzeyir Mirzəzadəyə verdik”.
“Planı artırdılar, işləmək istəmədik…”
Elxan Nəbiyev deyir ki, bir neçə ay əvvəl ortaya Qulu adlı adam çıxıb. Həmin adam deyib ki, bu şadlıq sarayı onun dayısınındır və o da planı artırır: “Onun dayısı “Aztelekom”un baş direktoru olmuş Məhəmməd Məmmədovdur. MTN hadisələriilə əlaqədar onu da həbs ediblər. O da Aydın Mirzəzadənin şəriki idi. Qulu adlı şəxsə dedik ki, söylədiyi məbləği ödəyə bilmərik, ona görə də işi dayandırırıq. Depozitimizi geri istədik. Dedi: “Nə depozit? Mənə depozit vermisiz? Pulu Aydın müəllimə, Üzeyir müəllimə vermisiz, gedin onlardan da alın”. Bakıya getdim, Aydın Mirzəzadəyə zəng edib dedim ki, görüşmək istəyirəm. Dedi, məsələni telefonda anlat. Mən də dedim ki, Qulu adlı şəxs gəlib, bəs bizim depoziti qaytarmırlar. Dedi: “Günortadan sonra zəng et”. Günortadan sonra zəng etdim, dedi: “Pulun 5 minini biz verəcəyik, çünki Üzeyir müəllim o pulu saraya xərcləyib. Amma o biri 5 mini şərikimin bacısı oğlu verəcək”. Razılaşdım, dedim, siz öz pulunuzu verin, qalanını mən alaram. Bu danışığımız gününə qədər yadımdadır, lazım olsa araşdırıb yoxlasınlar”.
“Dedim, sizin seçicinizəm, mənə də pul borclusuz”
“Aradan bir neçə gün keçdi, yenə zəng etdim, Aydın müəllim mənim telefonumu götürmədi. Dostumun nömrəsindən yığdım, o dəqiqə götürdü. Soruşdum ki, Aydın müəllim, niyə telefonumu götürmürsüz. Dedi: “Sən kimsən ki, mənimlə belə danışırsan?” Dedim: “Mən sizin seçicinizəm, üstəlik sizin də mənə borcunuz var. Bilmək istəyirəm, mənim pulumu nə vaxt qaytaracaqsız?” Cavabı belə oldu: “Sən mənə pul vermisən?” Dedim: “Mən pulu sizin adınıza, sizin sarayınıza görə vermişəm. Qardaşınız Üzeyir vasitəsilə o pul sizə çatıb, bu gün də siz cavabdehsiz”. Dəstəyi asdı və o gündən də telefonumu götürmədi”- şikayətçi deyir.
Elxan Nəbiyev həmin gündən etibarən müxtəlif orqanlara şikayət məktubu yazmağa başladığını bildirir: “Prezidentə nə qədər şikayət məktubu yazmışam. Heç biri çatmır. Hamısının üstünü Prezident Administrasiyası yazır, göndərirlər Mingəçevir İcra Hakimiyyətinə, Polis Şöbəsinə. Mingəçevir də onun öz şəhəridir, buradan deputat seçilib. Bu şəhərin məmurları onun şikayətinə baxarmı? İcra Hakimiyyəti mənə yazıb ki, Üzeyir Mirzəzadə dediklərinizi inkar edir. Üzeyir Mirzəzadə icraçıdır, niyə onu çağırırlar? Niyə Aydın Mirzəzadədən soruşmurlar? Şadlıq sarayı kimindir?Aydın müəllimlə həbsdə olan Məhəmməd Məmmədovun”.
“Elxan yalan deyir…”
Millət vəkili Aydın Mirzəzadə Meydan TV-nin telefonlarına cavab verməyib. Onun şəriki kimi təqdim edilən Məhəmməd Məmmədov hazırda həbsdədir. O, ötən ilin noyabrında həbs edilib,Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Şikayətdə adı keçən Qulu adlı şəxslə də əlaqə saxlamaq mümkün olmayıb. Aydın Mirzəzadənin qardaşı Üzeyir Mirzəzadə isə Meydan TV-yə açıqlamasında deyilənləri yalanlayıb: “Elxan Nəbiyev Gəncə Ruhi Dispanserində qeydiyyatda olan adamdı. Fikri hərdən gedib-gəlir, özünü olmayan şeylərə inandırır. Elxan yaxşı oğlandır, amma yalan danışır, o, bizə pul verməyib”.
Elxan Nəbiyevin şəriki olduğunu deyən Babək Xəlilov isə Üzeyir Mirzəzadənin yanlış məlumat verdiyini söyləyib:
“Tutaq ki, Elxanın psixoloji problemi var. Bəs mən? Mənim ki psixoloji durumum yerindədir. O pulun 5 mini də mənimdir. Bizim o şadlıq sarayına depozit qoyduğumuzu şəhərdəki bütün fotoqraflar, kameramanlar, musiqiçilər, hətta o şadlıq evinin əməkdaşları bilir”.
Verdikləri depozitləri tələb edən fotoqraflar deyirlər ki, pullarını geri almayana qədər mübarizə aparacaq, bütün qurumlara şikayət ünvanlayacaqlar. İnanırlar ki, prezident İlham Əliyev məsələdən xəbər tutan kimi problemləri çözüləcək: “Prezidentimiz həmişə məmurlara tapşırır ki, vətəndaşları incitməsinlər. Əminik ki, o, bundan xəbər tutsa, məsələ həllini tapacaq”. (Meydan.tv)