Əbülfəs Qarayev bunları bilirmi? - İDDİA
26-08-2016, 11:27

Avqustun 24-də tanınmış jurnalist Aynur Elgünəş öz “Facebook” səhifəsində belə bir informasiya paylaşıb: “Mədəniyyət və Turizm Nazirliyi yeni pulyığma metodu tapıb. Deməli, nazirliyin nümayəndələri düşüb rayonların canına “istedad sorağında” müsabiqəsi keçirir. Məsələ bundadır ki, hər şagirddən 2 şəkil və 10 manat pul yığırlar və deyirlər: ““İlhamla irəli” adında ensiklopediya yaradırıq və pul verən şagirdlərin tərcümeyi-halı kitabda qeyd olunacaq”.
Özünü Şəmkirə ezam olunmuş nazirlik nümayəndəsi kimi təqdim edən Tural adlı şəxslə danışdım və mənə belə izah verdi. Hətta dedi ki, bu ensiklopediya nazirliyin mətbəəsində çap olunacaq. Amma heç cür adam izah edə bilmədi ki, bu azyaşlıların nə tərcümeyi-halı var ki, onu kitaba çevirsinlər və ən əsası, bu kitabın mahiyyəti nədir”.
Kavkaznews.az Aynur Elgünəş tərəfindən yayılan bu məlumatın doğru olub-olmadığını araşdırmağı qərara aldı. Biz bu məsələyə aydınlıq gətirmək üçün, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovla əlaqə saxladıq.
“Mədəniyyət və Turizm Nazirliyinin heç bir mətbəəsində “İlhamla İrəli” adlı ensiklopediya çap olunmur və bizdə Tural adlı şəxs çalışmır”, – deyə nazirlik rəsmisi bildirdi. Ola bilər ki, Aynur Elgünəş yanılıb və bu ensiklopediya yerli icra hakimiyyəti orqanlarının təşəbbüsüdür. Lakin Yeni Azərbaycan Partiyasının Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Məmmədov və Şəmkir RİH başçısının müavini Mahir Əliyev Kavkaznews.az-a bəyan etdilər ki, onlara ensiklopediya ilə bağlı heç nə məlum deyil.
O zaman biz A.Elgünəşin bəhs etdiyi Tural adlı şəxsi tapdıq. Tural bizə öz soyadını bildirmək istəmədi. O, “Gənclik” Nəşriyyatında işlədiyini dedi. “Sözügedən “İlhamla İrəli” Ensiklopediyasını Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki “Gənclik” Nəşriyyatı buraxır. Mən də bu nəşriyyatda işləyirəm”, – deyə Tural bildirdi.