Orduya göndərdiyi gənc xidmətə yararsız çıxdı - SKANDAL

26-08-2016, 15:11           
Orduya göndərdiyi gənc xidmətə yararsız çıxdı - SKANDAL
“Bizim Dövr”ün 19.08.2016-cı il tarixli sayında dərc etdiyimiz “Kürdəmirdə hərbi xidmətə yararsız gəncləri orduya göndərirlər” sərlövhəli materialda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs olunmuşdu. Qeyd edək ki, sözü gedən məqalə Kürdəmir rayonundan bizimdövr.az-a daxil olan məlumatlar əsasında hazırlanmışdı. Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsinin fəaliyyətinin bir sıra neqativ hallarla diqqəti cəlb etməsi xüsusi olaraq vurğulanır. Bildirilir ki, hələ bir neçə il bundan əvvəl Kürdəmir rayon Hərbi Komissarlığının fəaliyyətində də müşahidə olunan bütün neqativ hallar, bu gün də Həbib Əliyevin rəhbərlik etdiyi şöbə üçün xarakterikdir. Məhz bu səbəbdən də rayondan yuxarı instansiyalara və kütləvi informasiya vasitələrinə bu şöbənin fəaliyyətindən doğan narazılıqların əks olunduğu şikayət ərizələri daxil olmaqdadır. Bu xüsusda aldığımız açıqlamalarda qeyd olunur ki, rayonun əksər kəndlərində sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması və onların yerinə hərbi xidmətə yararsız gəncləri göndərmək təcrübəsi şöbədə geniş tətbiq edilir. Açıqlamalardan birində isə, deyilənlərin təsdiqi kimi, bu yaxınlarda məhz Səfərbərlik xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən hərbi hissələrə göndərilmiş iki gəncin orduda xidmətə yararsız olmaları səbəbindən tərxis olunmaları faktı diqqət mərkəzinə çəkilmişdi. Deyilənlərin kimdəsə abstrakt fikir təəssüratı yaratmaması üçün, yuxarıda qeyd etdiyimiz vəziyyətlə rastlaşan gənclərdən birinin adını və onun başına gələnləri daha ətraflı şəkildə təqdim etmək qərarına gəldik. Beləliklə, Kürdəmir şəhəri, Bakı pr. ev 1 ünvanında yaşayan, 28.06.2016-cı il təvəllüdlü Mehdiyev Tural Şəmsi oğlu 20.06.2016-cı il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən orduya hərbi xidmətə göndərilib. Maraqlıdır ki, çağırışçı tibbi komissiyada baxışdan keçərkən, komissiyanın üzvü olan həkim-cərrah Emin (təəssüf ki, soyadı bizə məlum deyi) Tural Mehdiyevin ayaqlarında problem olduğunu (yastıdabanlıq) və bu səbəbdən də xidmətə yararsız olduğunu qeyd edib. Lakin, bu zaman məsələyə müdaxilə edən Həbib Əliyev həkimin qərarına məhəl qoymayıb və yarasız çağırışçı orduya yola salınıb.
Bundan sonra Tural Mehdiyev Dövlət Sərhəd Xidməti Qoşunlarının hərbi hissələrindən birinə göndərilib. Lakin tez bir zamanda bu çağırışçının xidmətə yararsız olması aşkarlanıb. Belə ki, hərbi qaydada addımlamaq məşğələlərindən sonra Tural Mehdiyevin halı pisləşib, bədən hərarəti yüksəlib və nəticədə o, sanitar hissəsinə gətirilib. Burada isə, onu müayinə edən həkimlər Tural Mehdiyevin “yastıdabanlıq”dan əziyyət çəkdiyini dərhal aşkar ediblər. Bundan sonra, təbii ki, Tural Əsgərov hətta heç hərbi and içməyə belə macal tapmadan geriyə, evlərinə yola salınıb.

Göründüyü kimi, Həbib Əliyevin hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirməsi və onların əvəzinə xidmətə yarasız gəncləri orduya göndərməsi barədə səsləndirilən iddialar heç də əsassız deyil...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.