5 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər “satan” vəzifəli şəxs həbs edildi

28-05-2024, 10:43           
5 minə ikiotaqlı, 20 minə üçotaqlı mənzillər “satan” vəzifəli şəxs həbs edildi
Bir neçə ay əvvəl vəzifədən azad edilən Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyin 20 saylı MKS-nin rəisi Anar Abbasov həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü A.Abbasov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29, 178.2.3, 29, 178.2.4, 178.3.2, 308.2 və 320.1-ci (Külli miqdarda dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, sənədlərin saxtalaşdırılması) maddələri ilə açılmış işin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, Anar Abbasov bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alıb. Belə ki, o, vətəndaşları inandırıb ki, Sumqayıt şəhəri 47-ci kvartalda yerləşən 9 mərtəbəli köhnə yaşayış binalarında yerləşən keçmiş məcburi köçkünlərin məskunlaşdığı 2, 3, 4 otaqlı mənzillər boşaldıldıqdan sonra MKS-nin balansına keçəcək. O, boş mənzillərin satışını münasib qiymətə təşkil etdiyini, satışa nəzarətin Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edildiyini, şəxsiyyət vəsiqəsini təqdim etməklə, bir neçə ay ərzində mülkiyyəti təsdiq edən sənədin-çıxarışın veriləcəyini, iki otaqlı mənzili 15.000 manat, üç otaqlı mənzili 20.000 manat, dörd otaqlı mənzil isə 25.000 manata satılmaqla, satışdan əldə edilən pul vəsaitlərinin birliyin rəhbərliyinə veriləcəyini yalandan vəd edərək həmin şəxslərdən müvafiq olaraq 18 300, 42 00 və 186 000 manat pul alıb. Bu məqsədlə A.Abbasov saxta möhür hazırlatdıraraq sənədləri saxtlaşdırıb. O, zərərçəkmiş şəxslərdən pulu Sumqayıt şəhər Məhəmməd Əsədov küçəsində yerləşən xidməti otağında alıb.

Lakin bir müddət sonra A.Abbasovun yalanının üstü açılıb və 2021-2023-cü illərdə 20 saylı MKS-də rəis vəzifəsində çalışan şəxs işdən çıxarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Abbasov yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilinib. Ona 8 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan sabiq rəis məhkəmə zalındaca həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.