Gömrükçünün iradəsi “müqəddəs”dir? - Belə çıxır...
27-08-2016, 22:14

Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində vətəndaşların uzun müddətli gecikmələrinə demək olar ki, rast gəlinmir. Bunu Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı, Aydın Əliyev jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, sərhəd keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil: “Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”(APA).
Doğrudanmı, Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində ləngimələr sərhədyanı ticarətlə bağlıdır? Bununla yanaşı, xatırladaq ki, keçən il oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ümumi dəyəri 10 min dollardan artıq olmayan, istehsal və kommersiya məqsədləri daşımayan malların gömrük rüsumundan azad olunması ilə bağlı sərənca imzalayıb (1 news.az).
Nəticə olaraq isə bu məbləğ min dollara qədər azaldılıb. “Hər vətəndaş ölkəyə min dollar dəyərində mal gətirmək hüququ var. Amma gömrükçülər kommersiya xarakteri daşıyan malların ölkəyə gətirilməsinə əngəl törədirlər”, – deyə Kavkaznews.az saytına İstehsalçılar və Tacirlər Birliyinin sədri Sevgim Rəhmanov bildirib. Dövlət Gömrük Komitəsinin əməkdaşları bu və ya digər məhsulun kommersiya xarakteri daşıdığını necə müəyyən edirlər? Bu suala cavab tapmaq üçün, Dövlət Gömrük Komitəsinə müraciət etdik. DGK-nın adını bildirmək istəməyən əməkdaşı Kavkaznews.az saytına dedi ki, komitədə olan normativə görə, sahibkarlıq fəaliyyətiylə məşğul olmayan vətəndaşlar kommersiya xarakterli mal gətirə bilməzlər.
“Bəs malın xarakterini kim müəyyən edir?” – deyə soruşduq. Komitə əməkdaşı cavab verdi ki, bu və ya digər malın kommersiya xarakteri daşıyıb-daşımadığını gömrükçülərin özləri müəyyən edir.
Sözardı: DGK sədri Aydın Əliyevin sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsindəki ləngimələr gömrük orqanlarının fəaliyyəti ilə bağlı deyil. Lakin Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Faiq Səmədov Kavkaznews.az-a bildirdi ki, sahibkarlar onlara gömrükdə maneələr törədilməsiylə bağlı müraciətlər edirlər