Sabiq nazir Fərhad Əliyevlə səfir Abbasəli Həsənovu nə birləşdirir?
1-09-2016, 01:18
“Milyonlarla dolların ölkədən çıxarılmasında və İranda müxtəlif sahələrə yatırılmasında, eləcə də üçüncü ölkəyə “sızdırılmasında” səfir Abbasəli Həsənovun böyük rolu olub” Son günlər ölkə mətbuatında Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qardaşı İsaq Həsənzadə və onun “qeybə çəkilən” oğlu Anar Həsənov barəsində müzakirələr səngimək bilmir. Xatırladaq ki, bu yaxınlarda Qafqaz Xəbər Agentliyinə ərizə ilə müraciət edən sahibkar Aydın Bağırov tanınmış səfirin qardaşı İsaq Həsənzadə tərəfindən aldadıldığını bildirmişdi. A.Bağırovun sözlərinə görə, İ.Həsənzadə ondan aldığı kartofun müqabilində borclu qaldığı 20400 dollar pulu mənimsəyib və qaytarmaq istəmir. Agentliyin qafqaznews.az və kavkaznews.az saytlarında da bu haqda yazılar dərc olunub. İsaq Həsənzadə Aydın Bağırova borclu qaldığını və hətta vaxtilə deputat seçkilərində Gədəbəydən millət vəkili seçilmək üçün yüzminlərlə manat xərclədiyini etiraf edib, lakin məbləğ məsələsində tərəflərin fikri düz gəlmir. Eyni zamanda, İsaq Həsənzadə əməkdaşımızla söhbətində Aydın Bağırova 10 min manat verəcəyini və bununla da borcunun bitəcəyini bildirib. Lakin şikayətçinin sözlərinə görə, İsaq Həsənzadə ona 20400 ABŞ dolları (32 min manatdan çox) pul verməlidir. Bu, məsələnin başqa tərəfidir. Biz İsaq Həsənzadənin yüzlərlə TIR-a, müxtəlif mağazalara və mebel salonlarına sahib olması barədə iddiaları dərc etmişdik. Lakin onun iki dəfə deputatlığa namizəd olduğu, 2005-ci ildə seçkilərə az qalmış qəfildən namizədliyini geri çəkməsi barədə məlumatlar da əldə etmişdik. İsaq Həsənzadənin deputat seçkiləri vaxtı təşviqat kampaniyasına külli miqdarda (beş yüz min manata yaxın) vəsait xərclədiyi və ziyana düşdüyü barədə Aydın Bağırova etiraf etməsi, özünün də əməkdaşımızla söhbətində bunu təsdiqləməsini artıq yazmışıq. Belə olduğu halda, İsaq Həsənzadə niyə seçkilərdən geri çəkilib, onu bu dərəcədə “ziyana salan” səbəb nə olub? Bu mövzuda Kavkaznews.az saytına danışan sabiq deputat Nazim Məmmədov (Bəydəmirli) bildirib ki, “İsaq Həsənzadənin Fərhad Əliyevin siyahısında olması barədə məlumatlar yayıldıqdan sonra, o, öz namizədliyini geri çəkmişdi”. Bizdə də sual doğurdu. Görəsən, sabiq nazirlə hazırda Tacikistandakı səfirimiz olan Abbasəli Həsənovun və onun yaxın ətrafının nə kimi əlaqələri olub? Xatırladaq ki, araşdırma zamanı mətbuatdaAbbasəli Həsənovun oğlu Anar barədə də maraqlı məlumatlarla üzləşmişdik. Belə ki, “Report”un yazdığına görə, 19 may 2015-ci ildə Binəqədi rayonunda baş verən bina yanğınıyla bağlı Anar Həsənov və onun qayınatası Miryusif Mahmudov istintaqa cəlb olunmuşdu. Qayınata həbs olunsa da, kürəkən dindirmədən dərhal sonra ölkəni tərk edib… Və harda olduğu məlum deyil. Avqustun 23-də araşdırmalar zamanı Fərhad Əliyev və Abbasəli Həsənov barəsində ilginc məlumatlar əldə etdik. Belə ki, Cəlilabad rayonundan olan Fərhad və Rafiq Əliyev qardaşları öz biznes imperiyalarını genişləndirmək üçün öz rayonlarından və İrana gedib-gələn bəzi həmyerlilərindən də məharətlə istifadə etməyi bacarıblar. Belə ki, Azərbaycanda bir çox meyvə-tərəvəz növlərinin idxalını və satışını nəzarətə alan Fərhad Əliyevin qonşu ölkələrdə, xüsusilə də İranda möhkəmləndiyi barədə də iddialar var. Əlbəttə ki, xarici ölkələrdəki səfirliklərlə ən çox əməkdaşlıq edən, ünsiyyət quran strukturlardan biri də İqtisadiyyat Nazirliyidir (Fərhad Əliyevin vaxtında bu qurum İqtisadi İnkişaf Nazirliyi adlanırdı – red.). Vaxtilə İranda səfir olmuş Abbasəli Həsənovla ovaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevin də sıx ünsiyyətdə olduğunu desək, oxucular ilk baxışdan burda qeyri-adi heç nə olmadığını deyərlər. Lakin mənbənin Qafqaznews.az-a bildirdiyinə görə, bu ünsiyyət və əlaqələr heç də formal xarakterdə və sırf dövlət maraqları ilə bağlı olmayıb. Belə ki, əldə etdiyimiz məlumata görə, milyonlarla dolların ölkədən çıxarılmasında və İranda müxtəlif sahələrə yatırılmasında, eləcə də üçüncü ölkəyə “sızdırılmasında” səfir Abbasəli Həsənovun böyük rolu olub. Mənbə bildirir ki, bu işlərdə səfirin kommersant qardaşı İsaq Həsənzadə də müstəsna rol oynayıb və kartofdan üzümə qədər bir çox kənd təsərrüfatı məhsulları ilə bağlı idxal-ixrac işlərində, eləcə də yükdaşıma məsələlərində nazirin ən yaxın əlaltılarından biri kimi yada düşür. Hətta məlumatda bildirilir ki, Abbasəli Həsənov sabiq nazirin bəzi ofşor hesabları ilə də bağlı məlumatlı olub. Mənbənin sözlərinə görə, 2005-ci ildə Fərhad Əliyevin həbsindən sonra Həsənov-Həsənzadə qardaşlarının əl-ayağa düşməsi və “kölgəyə” çəkilməsi də təsadüfi olmayıb. “Onların arasında əlaqə bir müddət itsə də, sonra yenidən bərpa olunub. Çünki səfir-kommersant qardaşlarının nəzarət etdiyi pulların böyük qismi əslində Fərhad Əliyevə aid olub. Lakin Fərhad-Rafiq qardaşlarının həbsindən sonra uğurlu manevrlər etməyi bacaran Həsənovlar özlərini sığortalamış olur. Bir müddət qudası Miryusif Mahmudovla birlikdə, oğlu Anar Həsənovun vasitəsilə ailə biznesini böyütməyə çalışan Abbasəli Həsənov 2015-ci ildə bina yanğınıyla bağlı yenidən məyus olur. Bu dəfə də bəzi əlaqələrin yardımıyla, Anar Həsənovu ölkədən çıxara bilir. Bu işdə Fərhad Əliyevin də dəstəyi istisna olunmur”, – deyə mənbə əlavə edib. Maraqlıdır, hazırda Tacikistanda Azərbaycanın milli maraqlarını təmsil edən səfir Abbasəli Həsənovla sabiq nazir arasında əlaqələr və ən əsası biznes tərəfdaşlığı qalmaqdadırmı? Bu barədə araşdırmalarımızı davam etdirərək, növbəti yazılarımızda oxuculara ətraflı məlumat verməyə çalışacağıq.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!