Şahramanyanın avtomobilinin müsadirə edilməsinin səbəbi – Narkotik alveri…
2-07-2024, 16:48
Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi çərçivəsində müsadirə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsindn məlumat verilib.
İyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındıraraq Şahramanyanın xidməti avtomobilini evakuatorla aparıblar. Eyni zamanda, İstintaq Komitəsinin əməkdaşı heç bir məhkəmə qərarı təqdim etməyib, sadəcə, avtomobilin cinayət işi çərçivəsində götürüldüyünü bildirib.
“İstintaq Komitəsinin İrəvan şöbəsinin Kentron və Nork-Maraş inzibati ərazi dairələri üzrə istintaq şöbəsində Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 1-ci hissəsi və 396-cı maddəsinin 1-ci bəndi ilə (hər iki maddə narkotik vasitələrin qanunsuz dövriyyəsinə aiddir-red.) 004 UU 90 dövlət nömrə nişanlı “Camry 2.5″ markalı avtomobili müsadirə edilib”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2024-cü ilin fevralında Ermənistan hüquq-mühafizə orqanları Şahramanyanın mühafizəçisi Aşot Danielyanı 2 sutka saxlayıb. O, narkotik maddə saxlamaq və satmaqda şübhəli bilinirdi.