“Onları metal çubuqlarla döyür, elektrik cərəyanı ilə...” – BMT rəsmisi rusların qəddarlığından şoka düşüb

9-08-2024, 12:14           
“Onları metal çubuqlarla döyür, elektrik cərəyanı ilə...” – BMT rəsmisi rusların qəddarlığından şoka düşüb
Ukraynalı hərbi əsirlərin əksəriyyəti - 95%-i Rusiyada işgəncələrə məruz qalır.

“AzPolitika” xəbər verir ki, bunu Hollandiyanın NOS telekanalına müsahibəsində BMT-nin Kiyevdəki İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Danielle Bell deyib.

"Onları metal çubuqlar və dəyənəklərlə döyürlər, elektrik cərəyanı ilə işgəncə verirlər. Bunlar 20 illik karyeramda BMT adından məhbuslara baş çəkmərkən gördüyüm ən pis hadisələrdir. Rusiyada işgəncə geniş yayılmış və struktur xarakterlidir", - Bell bildirib.

O, aydınlaşdırıb ki, işgəncə ilk dindirmədən başlayır. Bell qeyd edib ki, o, danışa bildiyi ukraynalı məhbusların söylədiklərinə əsaslanır.

Prezident Vladimir Putin iyunun əvvəlində bildirmişdi ki, Rusiyada əsirlikdə olan təxminən altı min yarım ukraynalı, Ukraynada isə 1400-ə yaxın rus əsirlikdə olub. Putin məlumatın mənbəyinin adını açıqlamayıb. Müharibə şəraitində məlumatların düzgünlüyünü müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Öz növbəsində Ukrayna tərəfi iddia edir ki, martın əvvəlində Ukrayna əsirliyində iki min rusiyalı hərbçi olub.

Kiyev Moskvanı Ukrayna hərbçilərini edam etməkdə də ittiham edir. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibə başlayandan bəri 110-dan çox ukraynalı təslim olduqdan sonra edam edilib.

Rusiya hərbi əsirlərə qarşı amansızlıqla bağlı bütün ittihamları rədd edir.

Cenevrə Konvensiyaları müharibə edən tərəfləri məhbusların normal saxlanmasını təmin etməyə, qəddar rəftarı qadağan etməyə, qohumları ilə əlaqə saxlamağa və beynəlxalq humanitar təşkilatlara müraciət etmək imkanını təmin etməyi tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.