Heydər Əsədovun işçisi qəssablardan pul yığır-VİDEO
14-09-2016, 08:18
Heydər Əsədov
Prezident İlham Əliyev daim ölkədə islahatlar aparır, xalqın daha da firavan yaşaması üçün əlindən gələni edir, amma bəzi məmurlar yenə də öz bildiklərini edir, vətəndaşları incitməkdən sanki zövq alırlar.
Bu gün Azərbaycan xalqı dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qeyd edir. Hər yerdə qurbanlar kəsilir. Amma Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları qəssablardan əlavə ödənişlər tələb etməklə avtomatik olaraq qurbanlıq heyvanların qiymətinin artmasına şərait yaradırlar. Biz hələ KTN-nin təşkil etdiyi guya ucuz qiymətə qurbanlıq heyvan satılmalı olan bazarlardakı biabırçı vəziyyətdən, od tutub yanan qiymətlərdən danışmırıq. Sumqayıtda 41-ci məhəllədə yerləşən mal bazarında Sədi adlı Dövlət Baytar Nəzarəti Xidmətinin əməkdaşı hər qoyuna görə qəssablardan 5 manat alır, ona görə də qəssablar 1 qoyunu kəsib soymağa görə vətəndaşlardan 10 manat tələb edirlər ki, 5-i baytara verəcəyik. Adi günlərdə də kimsə mal bazarına heyvan kəsdirməyə gələndə həmin Sədi adlı baytar 5 manat almamış əl çəkmir, istədiyi məbləğ verilməsə heyvan xəstə, veriləndə isə sağlam çıxır. Ən qəribəsi də budur ki, Sədi bu qanunsuzluqları Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmovanın gözü qarşısında edir. Hətta S. Rüstəmova özü ona qəssabın üstünə göndərir. Görünür KTN yanında DBNX əməkdaşları Prezidentin “məmur xalqa xidmət etməlidir” tapşırığını unudub qaz vurub qazan doldurmağa çalışırlar.
Bu gün Sumqayıtda çəkilmiş videonu təqdim etməklə ümid edirik ki, kənd təsərrüfatı naziri Heydər Əsədov onun tabeliyində işləyənlərin bu pulları nə üçün yığdıqlarını araşdıracaq, Sədi adlı baytarın və S. Rüstəmova da daxil olmaqla onun rəhbərliyinin qanunsuz hərəkətlərinə son qoyacaq.