Hesablama Palatası Ağstafaya çağırıldı - Müdhiş yeyinti
19-09-2016, 10:15
Hesablama Palatasının Ağstafa rayon İcra Hakimiyyətini yoxlamağa zərurət yaranıb
Politika.Az-ın araşdırmaları nəticəsində məlum olub ki, 2011-ci ildən rayona ayrılan büdcə vəsaitlərinin sərf olunmasında ciddi mənimsəmələrə yol verilib.
Bu tarixdən etibarən Ağstafaya rəhbər təyin olunmuş Məhərrəm Quliyev və çevrəsi 5 ildə rayonu talan ediblər. Amma icra başçısı yeyinti faktlarına görə hesabat verməyib.
İcra başçısının birinci müavini Ramiz Tatarov, müavini Aydın Hacıyev, baş mühasib Elmin Dəmirçiyev və köməkçisi Naqif Mehdiyev dövlət maliyyəsinin mənimsənilməsində iştirak etdikləri bildirilir.
Onların ayrı-ayrılıqda hər birinin vəzifə bölgüsü olub və əlaltındakı işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri can-başla qulluq ediblər.
Maliyyə idarəsi müdiri, təhsil şöbəsi müdiri, baş həkim, tender şirkətləri və digər büdcə təşkilatlarının, idarə, müəsissə rəhbərlərinin də proseslərə cəlb edilməsi Ağstafa RİH-nin maliyyə yeyintilərinə kömək edib.
Yerli sakinlərin də narazılığı ilə qarşılanan bu faktlar diqqətdən yayındırılıb. Hesablama Palatasının Ağstafada yoxlaması kifayət edir ki maxinasiyalar ifşa olunsun.
İddialara görə, rayonun icra başçısı birbaşa təmasa keçmədən bu maliyyə əməliyyatlarını reallaşdırıb. M.Quliyev aqrar sektoru daha yaxşı bildiyi üçün subsidiyaların mənimsənilməsində də peşəkarlıq göstərdiyi qeyd edilir.
Məlum olub ki, məktəb tikintisi, yolların təmiri, aztəminatlı ailələrə mənzil tikintisində materialların satın alınması və digər sahələr üzrə külli-miqdarda yeyintiyə yol verilib.
Məsələn, rayonun Eynallı kəndində 300 ş/y məktəb binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması 32 min manat xərclənib. Bu işi icra başçısına yaxın olduğu deyilən “Arxproyekt" MMC tender firması həyata keçirib.
Soyuqbulaq kəndində isə 220 ş/y məktəb binasının tikinti işlərinin satın alınmasına 78710 manat sərf olunduğu qeyd olunub. Bu məsələdə də rayon rəhbərliyinə xidmət edən "AzəriServis" LTD fəallıq göstərib.
Mənbənin qeydlərinə görə, rəqəmlər şişirdilib və smeta dəyəri artıq hesablanıb. Göyçəli kəndində 360 ş/y məktəb binasının tikinti işlərinin satın alınması 163278 manat xərclənib ki, bu da fantastik rəqəmdir. İcra başçısı həmkarlarından fərqli olaraq analoqsuz maxinasiyaya imza atıb.
Yolların əsaslı təmir işlərinin satın alınmasına təqribən yarım milyon pul gedib. Belə ki, AzəriServis" LTD 486 998 manat vəsaiti havaya sovurub. Qəribədir ki, tender işlərində yalnız iki şirkət hegemonluq edir.
Bərk inventar və avadanlıqların satın alınması, dəftərxana ləvazimatlarının satın alınması, avadanlıqların satın alınmasında yalnız bir adamın adı keçir - Əsədov Mikayıl Asqulu oğlu. Bu da müəmmalı məqamdır ki Palata tərəfindən araşdırıla bilər.
Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitlərin yaxşılaşdırılması məqsədilə tikinti materiallarının satın alınması üçün 82950, Kolxəlfəli kəndində 220 şagird yerlik məktəb binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması 29000 manata başa gəlib.
Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir.
Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir.
Qeyd edək ki, Hesablama Palatası 2014-cü ildə Ağstafada olub. Başçının birinci müavini R.Tatarova xəbərdarlıq edilib.
Hesabata əsasən, auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.
M.Quliyevin 2014-cu ildə Ağstafa şəhərində abadlıq və təmir adı ilə yol verdiyi yeyintilərdən bəhs olunub. İndi görünür, yenidən yoxlamalara ehtiyac yaranıb.
teref.az olaraq bu iddialarla bağlı RİH-nin mövqeyini dərc etməyə hazırıq.