İradə Səfərovanın himayədarları məlum oldu - İDDİA
21-09-2016, 08:36
Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Mikayıl Cabbarov və Ceyhun Bayramov tərəfindən müdafiə olunduğunu bəyan edir Təəssüflər olsun ki, bu gün paytaxt Bakıda, eləcə də ölkənin digər regionlarında mövcud olan təhsil müəssisələrinin heç də hamısı tələblərə uyğun, qanuna müvafiq formada fəaliyyət göstərmir. Bununla bağlı ayrı-ayrı vaxtlarda aparılan araşdırmaların nəticələrinə əsasən demək olar ki, bəzi orta və ali təhsil müəssisələrində, o cümlədən lisey və kolleclərdə «Təhsil haqqında» Qanunun tələbləri kobud surətdə pozulur. Halbuki bu tip təhsil ocaqlarının hər biri vəziyyətdən asılı olmayaraq mütləq adıçəkilən qanuna, həmçinin Nazirlər Kabinetinin müəyyənləşdirdiyi lisenziya şərtlərinə uyğun fəaliyyət göstərməlidirlər. Lakin hazırda bəzi təhsil ocaqlarında bunun tam əksi müşahidə olunmaqdadır. Misal kimi, İradə Nəriman qızı Səfərovanın rəhbərlik etdiyi kollecin adını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, direktoru olduğu təhsil müəssisəsinin kollektivini özünün tətbiq etdiyi «qayda»lara əməl etməyə vadar etmək məqsədilə təhsil naziri Mikayıl Cabbarovun adından istifadə edir: «Bildiyiniz kimi, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulduqdan sonra İradə Səfərova bu təhsil müəssisəsinin rəhbərliyinə gətirilib. Deyilənlərə görə, məhz elə həmin vaxtdan etibarən Bakı İdarəetmə və Texnologiya Kollecinin qara günləri başlayıb. Çünki İradə Səfərova Bakı Kompüter Kollecində tətbiq etdiyi «qada»ları eynilə bu gün Bakı İdarəetmə və Texnologiya Kollecində həyata keçirir. Bildirilir ki, bu məqsədlə o, təhsil nazirinin adından istifadə edir, Mikayıl Cabbarov və onun müavini Ceyhun Bayramov tərəfindən ciddi şəkildə müdafiə olunduğunu bəyan edir. Deyilənlərə görə, İradə Səfərova dəfələrlə «Təhsil naziri Mikayıl Cabbarov mənə deyib ki, kollecə sən cavabdehsən, istədiyin kimi idarə edə bilərsən. Buna görə də mənim qabağımda kimsə söz deyə, nəyəsə etiraz edə bilməz. Belələrinin cəzasını özüm verəcəm», deyə onun tətbiq etdiyi «qayda»lara etiraz edənləri təhdid edib. Elə buna görə də Bakı İdarəetmə və Texnologiya Kollecinin pedoqoji heyətinin əksəriyyəti İradə Səfərovanın bir sözünü iki etməyə cəsarət etmir. Çünki bunun sonu onların cəzalandırılması, işdən kənarlaşdırılması ilə nəticələnə bilər». Bu arada, İradə Səfərovanın rəhbərlik etdiyi təhsil müəssisəsində çoxsaylı nöqsanların mövcud olduğunu iddia edən mənbə Gundelik-Baku.com-a bildirir ki, onun gəlişindən sonra Bakı İdarəetmə və Texnologiya Kollecində dərsə davamiyyət nəzərəçarpacaq dərəcədə aşağı düşüb, semestr imtahanları zamanı tələbələrin əlavə xərcə salınması, o cümlədən qayiblərin nələrinsə müqabilində silinməsi geniş miqyas alıb: «Bundan başqa, tədris vəsaitlərinin yetərli olmaması, təhsilin keyfiyyətinin standartlara cavab verməməsi və sairə kimi problemləri də sadalamaq olar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Bakı İdarəetmə və Texnologiya Kollecinə rəhbərlik İradə Səfərovaya həvalə edildikdən sonra kollecdə təhsilin səviyyəsi çox aşağı düşüb. Bildiyiniz kimi, son illər ərzində ölkədə təhsil sahəsinin inkişafı istiqamətində kifayət qədər işlər görülüb, proqram və layihələr hazırlanıb, nəticədə isə bir sıra uğurlara imza atılıb. Lakin bütün bunlara baxmayaraq, hələ də Bakı İdarəetmə və Texnologiya Kollecində hər hansı bir ciddi irəliləyişlərin baş verdiyi nəzərə çarpmır». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.