«Bank BTB» ASC-nin fəaliyyətində ciddi neqativ hallar müşahidə olunur
21-09-2016, 21:42
Bankın «Sənayə» filialında dollar satışı zamanı vətəndaşlar aldadılır Kreditlərin verilməsi zamanı müştərilərdən «şapka» tələb edilir Bu gün ölkədə fəaiyyət göstərən bir çox banklar var ki, onlar müvafiq qanunvericiliyin tələblərinə əməl etmir, kobud qanun pozuntusuna yol verir, müştərilərin hüquqlarını pozmaqla yanaşı, bəzi müəmmalı bank əməliyyatlarının həyata keçirilməsində iştirak edirlər. Bu tip banklardan birinin 2010-cu ildə təsis edilən «Bank BTB» ASC olduğunu iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, hazırda müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri sahəsində xidmətlər göstərən bankın fəaliyyətində ciddi neqativ hallar müşahidə olunur. Belə ki, «Bank BTB» ASC-nin Müşahidə Şurasının sədri Sadiq Rza, İdarə Heyətinin sədrinin isə Samir Qocayevin olduğunu bildirən mənbənin sözlərinə görə, adıçəkilən bankın Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsi 41 ünvanında yerləşən «Sənayə» filialında xaricə pul köçürülməsi məsələsində, o cümlədən dollar satışında ciddi əyrintilərə imza atılır: «Deyilənlərə görə, «Bank BTB» ASC-nin «Sənayə» filialında dollar satışı zamanı vətəndaşlar aldadılır. Belə ki, bankın sözügedən filialında süni şəkildə dollar qıtlığı yaradılır və son nəticədə ABŞ valyutasının satışı ilə bağlı təqdim edilən rəqəm təxminən, «qara bazar» qiymətlərə uyğun olur. Onu da qeyd edim ki, hazırda ölkədə fəaliyyət göstərən bankların bir qismi vətəndaşların maliyyə xidmətləri barədə maarifləndirilməsində maraqlı deyillər. Bu isə öz növbəsində, vətəndaşla bank arasında anlaşılmazlığa və sonda istehlakçının müxtəlif yollarla aldanmasına gətirib çıxarır. Elə məhz bu səbəbdən də bir çox banklar əhalinin sözügedən sektorun fəaliyyəti ilə bağlı ətraflı bilgiyə sahib olmasını arzulamırlar. Çünki maliyyə xidmətləri sahəsində məlumatlı olan müştərini soymaq, ona kələk gəlmək mümkün deyil. Buna bənzər halların yaşandığı «Bank BTB» ASC-nin «Sənayə» filialında istehlak kreditlərinin verilməsi zamanı bir sıra əyrintilərə imza atılır. Belə ki, filialın əməkdaşları istehlak krediti üçün müraciət etmiş müştərilərin alacaqları vəsaiti biznes krediti olaraq sənədləşdirirlər. Bu zaman müştəriyə aid şəxsi avtomobil varsa, onun markasından asılı olmayaraq üzərinə «taksi» nişanı qoyularaq şəkli çəkilir və taksi fəaliyyəti biznes kimi təqdim edilərək kredit verilir. Yox, əgər müştəri qadındırsa, o zaman onu tikiş maşınının arxasında oturdaraq, müştərini dərzi kimi təqdim edərək biznes krediti kimi sənədləşdirir. Bəzən isə müştəriyə tamamilə aidiyyatı olmayan hər hansı dükan və yaxud obyektin müştəri tərəfindən idarə olunduğu qələmə verilir». Bu arada, «Bank BTB» ASC-nin təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğunu deyən məlumatlı şəxs qeyd edir ki, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən «şapka» kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur: «Son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. Deyilənlərə görə, «Bank BTB» ASC-nin «Sənayə» filialında bu cür hallar tez-tez baş verir. Belə ki, bu filialdan kredit götürən zaman vətəndaşlardan heç bir tutarlı səbəb göstərilmədən əlavə pul tələb edilir. Bundan başqa, filialın əməkdaşları müqavilədə əks olunan, bankın özünə sərf edən rəsmi şərtlərindən başqa, qeyri-rəsmi şərtlərlə razı olmayan müştərilərə kredit verməkdən imtina edir. Odur ki, çarəsiz vəziyyətdə qadan müştəri irəli sürülən «şərt»lə razılaşmaq məcburiyyətində qalır. Məhz bu cür üsullarla, yəni müştəriləri aldatmaq, onlara kələk gəlmək və ya çıxılmaz vəziyyətdə olmalarından yararlanaraq «şapka» tələb etmək yolu ilə «Bank BTB» ASC-nin «Sənayə» filialında birə-beş xeyir götürülür». Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.