İmişli Təhsil Şöbəsi mövcud olmayan "işçilər”ə məvacib verib

23-09-2016, 01:07           
İmişli Təhsil Şöbəsi mövcud olmayan "işçilər”ə məvacib verib
İmişli rayon Təhsil Şöbəsində həyata keçirilmiş auditdə xeyli maliyyə pozuntuları ortaya çıxıb.

Audit ümumilikdə 28 714 800 manatı əhatə edib. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan da 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin müxtəlif fənlər üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib.

Müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləndirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib.

Əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi ortaya çıxıb.

Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsi zamanı artıq və paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib.

Şöbə tərəfindən artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilib, gənc mütəxəssislərə artıq əmək haqqı və kompensasiya ödənilib.

Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması ,həmçinin malların, iş və xidmətlərin alış qiymətinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.