“Bakı Şərab – 1” ASC sahibkara necə “torba tikib” – BİR HƏBSİN TARİXÇƏSİ
24-09-2016, 09:07
Hüquq müdafiəçisi Taleh Xasməmmədov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs edilmiş sahibkar Qədirov Məhəmmədəli Mahmud oğlunun həbsinə münasibət bildirib. T. Xasməmmədov cumhuriyyet.az-a açıqlamasında sahibkarın həbsinin aşkar qanun pozuntularına yol verilməklə, Cinayət Qanunun tələblərinə zidd və sifariş xarakterli olduğunu qeyd edib. Sahibkar Məhəmmədəli Qədirov “Bakı Şərab-1” ASC-nin korrupsiya hüquqpozmalarına yol verdiyini ifşa etmiş, ondan alınmış 410 000 manatlıq boş şüşə qablardan və onun pulundan imtina etmişdir.
T.Xasməmmədov bildirir ki, baş verən qanunsuzluqları mətbuat vasitəsi ilə ictimaiyyətə və aidiyyatı orqanlara çatdıqmışdır: “İlk olaraq bu barədə düşünməliyik. Hansı sahibkar 410 000 manat puldan imtina edər? Əlbəttə ki, vicdanı olan və cinayət əlaqəsinə girmək istəməyən biri. Şikayətçi tərəf zorla isbat etmək istəyir ki, M. Qədirovdan 171 000 manatlıq boş şüşə qablar alıblar və onun zavoda olan borclarından silinib. Nəticədə isə M. Qədirovun 76 224 manat borcu yaranıb. Sahibkar isə bildirib ki, “mən heç vaxt sizin zavoda şüşə satmamışam və sizin cinayətinizə də ortaq olmayacağam”. Sual yaranır ki, boş şüşə qabların satışı ilə bağlı ortada 410 000 manatlıq əsli olan fakturalar varsa, bu faktın izahını “Bakı Şərab – 1” ASC və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi necə verə biləcək? Sahibkar kağız üzərində olan həm real sənədlərdə göstərilmiş 410 000 matatlıq alqı-satqıdan, həm də zavodun onun borcundan sildiyi 171 000 manatdan imtina edərək birbaşa özünün nəğd və köçürmə yolu ilə artıq ödəmiş olduğu pulları zavoddan tələb etməyi seçir. Təxminən 15 gün əvvəl Nizami rayon məhkəməsində 621 305,18 manat pul tələbi ilə iddia qaldırır. Bundan əlavə Korrupsiya İdarəsində ona qarşı edilən haqsızlıqlarla bağlı ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayır. 20 sentyabr 2016-cı il tarixdə isə onun barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə cinayət işi başlayır və Nizami rayon məhkəməsinə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat vermiş olur. M. Qədirov barəsində 4 aylıq həbs qətimkan tədbiri qaçılmaz olur. Buradan aydın görünür ki, M. Qədirovun əleyhinə hər hansı mötəbər sübut dəlil olmadan, cinayət işi başlanarkən dərhal həbs olunmasına lüzum olmadığı vəziyyətdə həbs qətimkan tədbirinin seçilməsi yalnız sifariş xarakterli ola bilər. Eyni maddə ilə ittiham olunan 100-lərlə təqsirləndirilən şəxs barəsində başqa qətimkan tədbirləri seçildiyi halda bütün çağırışlara vaxtında gəlmiş, daimi yaşayış və iş yeri olan, orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan M. Qədirova qarşı fərqli mövqe nümayiş etirilib”.
Hüquq müdafiəçisi həmçinin cumhuriyyet.az-a bildirib ki, “Bakı Şərab-1” ASC-nin 37 nömrəli əmri əsasında 18.08.2008-ci il tarixdən etibarən Göyçay şəhəri Nizami küçəsi 20/2 ünvanında yerləşən 04 saylı firma mağazası açılmış və Qədirov Məhəmmədəli Mahmud oğlu “Bakı Şərab 1” ASC-nin 29 avqust 2008-ci il tarixli əmrinə əsasən 04 saylı mağazanın müdiri vəzifəsinə təyin edilib. Aylıq vəzifə maaşı isə 105.00 (bir yüz beş manat) müəyyən edilmiş və aralarında əmək müqaviləsi bağlanmışdır. Eyni zamanda M. Qədirov təsərrüfat subyekti olan ərzaq mallarınının satışı üçün nəzərdə tutulan sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 9 saylı Ərazi Vergilər İdarəsində VÖEN 6000039562 nömrə ilə 04.09.2008-ci il tarixdə uçota alınmışdır. “Bakı Şərab-1” ASC-nin 76 422 manat pulun mənimsəmə və israf etməyə dair şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə cinayət araşdırması başlanmışdır. Barəsində olan cinayət təqibi məhz alqı-satqı münasibətlərində yaranmış və səhv hesablanmış pul məbləğlərindən asılı olmuşdur. Aparılan araşdırmaların hərtərəfli olmaması, qeyri obyektiv yanaşma səbəbindən bir çox mötəbər olmayan sübutlara görə əsassız olaraq ağır cinayətdə ittiham olunmuşdur. “Bakı Şərab-1” ASC ilə 2013-cü ilə qədər aralarında olan alqı-satqı və digər münasibətlər qaydasında olsa da, həmin vaxtdan sonrakı dövr ərzində öhdəliklərin cəmiyyət tərəfindən vaxtında icra olunmaması və yaranmış borclarla əlaqədar problemlər ortaya çıxmışdır. 2015-ci ilin avqust ayında onun iştirakı olmadan “Bakı Şərab-1” ASC-nin təyin etdiyi audit yoxlamasından sonra məlum olmuşdur ki, mənim “Bakı Şərab-1” ASC-nə 01 yanvar 2013-cü il tarixinə qədər 1 283 (bir min iki yüz səksən üç) manat borcu yaranmış, amma həmin vaxtdan 2015-ci ilin avqust ayına qədər isə yaranmış borc məbləği 76 224 (yetmiş altı min iki yüz iyirmi dörd) manat təşkil etmişdir. Əslində isə onun 2013-2015-ci il tarixlərində cavabdeh “Baki Şərab-1” ASC-nə 76 224 (yetmiş altı min iki yüz iyirmi dörd) manat borcu yox, faktlar əsasında onların M. Qədirova 621 305,18 (altı yüz iyirmi bir min üç yüz beş manat, on səkkiz qəpik) manat borcları yaranmışdır. (Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir). Mədaxil olunan malların qarşılığında ödənilmiş pul qəbzləri yoxlanılarsa məlum olar ki, həqiqətən də şikayətçi cəmiyyətin əmlakı nə mənimsənilməyib, nə də ki, israf edilməyib.
İşlədiyi müddət ərzində mühasibi olmadığı səbəbindən “Bakı Şərab-1” ASC-nin məsul şəxslərinə alqı-satqı münasibətlərində güvənmiş və nəticədə də 2013-2015-ci il tarixlərində onlara əlavə olaraq tərəfindən 621 305,18 (altı yüz iyirmi bir min üç yüz beş manat, on səkkiz qəpik) manat artıq pul ödənilmişdir. Razılığa əsasən nəğd və ya köçürülmə yolu ilə ödənilmiş pulların müqabilində “Bakı Şərab-1” ASC-nin istehsal etdiyi alkoqollu içkilər müdiri olduğu mağazaya təhvil verilməli idi. Həmçinin maaşla yanaşı ümumi pul dövriyyəsinin 5 %-i əlavə olaraq ona əmək haqqı kimi ödənilməli idi. Bu səbəbdən pul dövriyyəsini artıraraq mağazaya daha çox mal qəbul etmək niyyətində olub. Məhsulların az göndərilməsi səbəbindən bir neçə dəfə cavabdehlərə şifahi məlumat versə də xahiş və tələbləri qismən icra edilmişdir.
2013-cü ilin yanvar ayından 2015-ci ilin may ayına qədər müdiri olduğum 04 saylı mağazaya “Bakı Şərab-1” ASC-dən ümumilikdə 1.554259, 79 (bir milyon beş yüz əlli dörd min iki yüz əlli doqquz manat, yetmiş doqquz qəpik) manatlıq alkoqollu içkilər təhvil verilmişdir. Alınan mallardan 21 996 (iyirmi bir min doqquz yüz doxsan altı) manatlıq mal geri qaytarılmış, Bakı Şərab-1” ASC-nə 01 yanvar 2013-cü il tarixinə qədər olan borcdan 1 283 (bir min iki yüz səksən üç) manat çıxılmışdır. Bakı Şərab-1” ASC-nə nəğd olaraq kassa mədaxil orderi qəbzləri əsasında 1.357 796 (bir milyon üç yüz əlli yeddi min yeddi yüz doxsan altı) manat, “Bank Respublika” ASC-nin Göyçay filialı vasitəsi ilə satış müdiri Hüseynov Fizuli İsgəndər oğlunun hesabına 409 095,40 (dörd yüz doqquz min doxsan beş manat, qırx qəpik) manat, satış meneceri Süleymanov Vadar Süleyman oğlunun hesabına 109 804 (bir yüz doqquz min səkkiz yüz dörd) manat, satış meneceri Əliyev Elvin Fikrət oğlunun hesabına 230 282,50 (iki yüz otuz min iki yüz səksən iki manat əlli qəpik) manat, “ZaminBank” ASC-nin Göyçay filialı vasitəsi ilə Əliyev Elvin Fikrət oğlunun hesabına 42 864 (qırx iki min səkkiz yüz altmış dörd) manat və satış müdiri Fizuli Hüseynovun sürücüsü Şirinov Rövşən Şahmar oğlunun hesabına isə 4 990 (dörd min doqquz yüz doxsan) manat, cəmi 797 036 (yeddi yüz doxsan yeddi min otuz beş manat doxsan qəpik) manat pul köçürülməsi edilib.
Göstərilən faktlardan aydın görünür ki, nəğd və köçürülmə yolu ümumilikdə 2 154 851, 90 (iki milyon iki yüz otuz bir min yedi yüz beş) manat məbləğdə pul ödənilib. Həmin məbləğdən 01 yanvar 2013-cü il tarixinə qədər yaranmış 1283 (bir min iki yüz səksən üç) manat borcu çıxdıqda nəticədə 2 153 568,90 (iki milyon bir yüz əlli üç min beş yüz altmış səkkiz manat, doxsan qəpik) manat məbləğdə ödənilmiş pul qalır. Ödənilmiş pulun müqabilində 04 saylı mağazaya ümumilikdə 1 554 259, 72 (bir milyon beş yüz əlli dörd min iki yüz əlli doqquz manat, yetmiş iki qəpik) manatlıq alkoqollu içkilər təhvil verilib və həmin məhsullardan 21 996 (iyirmi bir min doqquz yüz doxsan altı) manatlıq geri qaytarılıb. Nəticədə də alınan malların ümumi dəyəri 1 532 263,72 (bir milyon beş yüz otuz iki min iki yüz altmış üç manat yetmiş iki qəpik) manat təşkil edir. 2013-2015-ci illərdə ödənilmiş 2 153 568,90 (iki milyon bir yüz əlli üç min s beş yüz altmış səkkiz manat, doxsan qəpik) manat məbləğdən alınan 1 532 263,72 (bir milyon beş yüz otuz iki min iki yüz altmış üç manat yetmiş iki qəpik) manatlıq malların pulunu çıxdıqda aşkar olunur ki, son 3 ildə “Bakı Şərab-1” ASC-nə 621 305,18 (altı yüz iyirmi bir min üç yüz beş manat, on səkkiz qəpik) manat əlavə pul ödənilib. Bütün faktlara nəzər saldıqda M. Qədirovun həbsinin rüsvayçılıq olduğu ortaya çıxır.
Bundan əlavə hüquq müdafiəçisi Taleh Xasməmmədov sahibkar Məhəmmədəli Qədirovun prezidentə ünvanladığı müraciəti təqdim edib:”Cənab prezident! Hələ də mənə məlum deyil ki, “Bakı Şərab-1” ASC nəyə görə əsassız korrupsiya ittihamı ilə məni həbs etdirmək istəyir? Əgər həqiqətən də zavoda məxsus əmlakı israf etsəydim, qanuna uyğun olaraq cəzamı çəkməyə hazır olardım. Amma bu günkü vəziyyətdə zavodun mənə külli miqdarda borcu olduğu halda məni qanunsuz həbs etdirmək qərarına gəlib. Bu çox ədalətsiz və qanunsuz bir hərəkətdir. Hal-hazırda mən 10-larla vətəndaşa əmək haqqı verən, ərzaq məhsullarının satışı ilə məşğul olan bir sahibkaram. Mənim qanunsuz həbs olunmağımın kimə və nə cür faydası olacaq? Məgər siz cənab prezident keçmiş MTN əməkdaşlarını məhz bu səbəbdən cəzalandırmadınızmı?
Baş verənlərdən sonra istintaq aparan orqana güvənim çox azalıb. Bu səbəbdən ümidim Sizə və Qanunu ali tutan insanlara qalmışdır. Odur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə öz göstərişlərinizi verərək mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm”.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!