Kürdəmir İcra başçısı bağ evində işlətdiyi fəhlələrin pulunu "atıb" - 1 ildir

27-09-2016, 11:13           
Kürdəmir İcra başçısı bağ evində işlətdiyi fəhlələrin pulunu "atıb" - 1 ildir
Qəzetimizin ötən saylarında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçı Ceyhun Cəfərovun Bakının Mərdəkan qəsəbəsində yerləşən və özünə məxsus olan bağ evində işlətdiyi usta və fəhlələrin zəhmət haqqlarını verməməsi səbəbindən yaranmış problemdən bəhs edən bir neçə yazı dərc olunmuşdu. Xatırladaq ki, bu problemlə bağlı redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov özünün və daha bir neçə nəfər briqada üzvlərinin artıq bir ildən artıqdır ki, Ceyhun Cəfərovdan öz halal zəhmət haqqlarını ala bilmədiklərini bildirmişdi. Şikayətçi öz ərizəsində yaranmış vəziyyəti belə təsvir edib: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...” Dərc etdiyimiz yazılardan birində həmçinin qeyd olunmuşdu ki, icra başçısı işlədib pullarını vermədiyi fəhlələri özünün tapşırığı ilə təmir-tikinti işlərinə nəzarət edən şəxslərdən birinin üzərinə yönəldir və bununla da vəziyyəti daha çıxılmaz bir duruma gətirmək istəyir: “Ceyhun Cəfərov indi də bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...” Amil Nəsirovun sonrakı cəhdlərində isə, Kürdəmir RİH-nin başçısı daha sərt və aqressiv reaksiya nümayiş etdirmişdi. Belə ki, növbəti dəfə icra hakimiyyətinə gəldikdə, Ceyhun Cəfərovun köməkçisi vətəndaşa bildirib ki, başçı bu gün onu qəbul edə bilməyəcək və görüş gələn həftəyə qədər təxirə salınıb. Amma Amil Nəsirov yenə də ümidini üzməyib və hər ehtimala qarşı qəbul otağında bir qədər də gözləmək qərarına gəlib. Bu zaman onu müşahidə kameralarından görən Ceyhun Cəfərov isə, şikayətçinin bu hərəkətindən hiddətlənib. Sonra təkrar Amil Nəsirova yaxınlaşan köməkçi başçının hirsləndiyini deyib və onun sözlərini vətəndaşa çatdırıb. Həmin sözlər isə, təxminən belə ifadə olunub: “Bu niyə çıxıb getmir? Onu istəyir ki, bu saat zəng edib rəisi çağırım bura, tutub onu atsınlar içəri..?”

Lakin son aldığımız məlumatda Amil Nəsirovun və digər briqada üzvlərinin bu problemlərinin artıq bu yaxınlarda həll olunacağına dair əminlik ifadə olunur. Belə ki, sentyabr ayının 21-də şikayətçilər məsələnin həllinə nail olmaq məqsədilə Prezident Administrasiyasına gediblər. Burada vətəndaşlar qəbul olunublar və onların problemləri dinlənilib. Bundan sonra şikayətçilərə qəti olaraq bildirilib ki, problemin həlli üçün bütün lazım olan tədbirlər görüləcək və ən qısa zamanda briqada üzvləri Ceyhun Cəfərovdan öz pullarını ala biləcəklər.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.