Finlandiyanın Tampere şəhərində Qərbdə yeganə Lenin muzeyi bağlanır
13-11-2024, 00:18
Tamperedəki Lenin Muzeyi" Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb.
Finlandiyanın Tampere şəhərində Vladimir Lenin və İosif Stalinin 1905-ci ildə ilk dəfə görüşdüyü Fəhlə Evində yerləşən Qərbdə yeganə Lenin Muzeyi bağlanır. Bu barədə "RİA Novosti" yazıb.
Tamperedəki Lenin Muzeyi "Finlandiya-Sovet İttifaqı" cəmiyyəti tərəfindən 1946-cı il yanvarın 20-də, Leninin ölümünün 22-ci ildönümündə açılıb. Bu illər ərzində o, Sovet liderləri Nikita Xruşşov, Leonid Brejnev və kosmonavt Yuri Qaqarini qonaq kimi qəbul edib.
Lenin Muzeyinin yerində Finlandiyanın müstəqilliyindən NATO-ya daxil olmasına qədər Finlandiya və Rusiya arasındakı münasibətlərin tarixinə həsr olunacaq yeni "Nootti" mərkəzi (fin dilindən "qeyd" kimi tərcümə olunur) açılacaq. Yeni muzeyin açılışı 2025-ci il fevralın 15-nə planlaşdırılıb.
Muzeyin bağlanması bu ilin aprelində məlum olub. Onun direktorunun sözlərinə görə, ad artıq sərgilərin məzmununu əks etdirmir və ziyarətçiləri çaşdırır. Qərarı Finlandiya hakimiyyətinin təzyiqi olmadan muzey rəhbərliyinin özü verib.
Muzey 2023-cü ilin iyulunda bağlanana qədər rekord sayda 3351 nəfər tərəfindən ziyarət edilib ki, bu da 1980-ci illərdə "İnturist" proqramı çərçivəsində Sovet turistlərinin Finlandiyaya gəlməsindən bəri ən yüksək rəqəmdir.
Qeyd edək ki, 2022-ci ildə Finlandiyanın Kotka şəhərində Vladimir Leninin sonuncu heykəli sökülüb.