Aydın Əliyev ictimaiyyətdən nəyi gizlədir? – TƏHLİL

28-09-2016, 10:36           
Aydın Əliyev ictimaiyyətdən nəyi gizlədir? – TƏHLİL
“Çox güman ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyi keçən il brokerlər və müxtəlif “yaxın” şirkətlər vasitəsilə dövlətdən gizlədilən vəsaitlərin bir qismini bu il büdcə proqnozlarını ödəməyə yönəldib”. Bunu Qafqaznews.az-a sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli bildirib. O, bu yaxınlardan büdcə proqnozlarının artıqlaması ilə ödənilməsi barədə DGK sədri Aydın Əliyevin fikirlərini şərh edərkən bildirib ki, büdcə proqnozlarından 30 faiz əlavə vergi və rüsum toplanması barədə açıqlama bir sıra suallar doğurur. Qeyd edək ki, A.Əliyev mətbuata açıqlamasında bildirmişdi: “Sentyabr ayının 21-ə olan məlumata əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1,6 milyard manat vəsaitin daxil olması təmin olunub. Bildiyiniz kimi, proqnoz tapşırıq 1 milyard 810 milyon manat səviyyəsində müəyyən olunub”.

Ekspert sual verir ki, bu artım niyə idxalın azaldığı, iqtisadi fəallığın azaldığı dövrə təsadüf edir? “Əgər iqtisadi fəaliyyət azalırsa, iqtisadi daralma varsa, bu, o deməkdir ki, ölkə vətəndaşları qənaət rejiminə keçib. İdxal rüsumları artmayıb, vergi dərəcələri artmayıb, ancaq absolyut rəqəm artıb.

Dəfələrlə sübut olunub ki, Gürcüstanın Azəraycana idxalı barədə statistik məlumatlar bizimki ilə üst-üstə düşmür. Yaxud, Rusiyanın Azərbaycana ixracı ilə bağlı verilən rəsmi açıqlama ilə Azərbaycanın Rusiyadan idxalla bağlı məlumatı arasında fərq ildə 1 milyard dolları keçir. Türkiyənin statistik məlumatları ilə bizim DGK-nın məlumatları arasında isə təxminən 800-900 milyon dollar fərqə rast gəlmək olar. Bütün bu məlumatları təhlil etdikdə, ortaya astronomik rəqəmlər çıxır, tərəfdaşlarımızın statistikası ilə bizim statistika arasında 4-5 dəfə fərq yaranır.

Hər dəfə DGK-dan bildirirlər ki, bu məqsədli şəkildə olmur və ekspertlər qarayaxma ilə məşğuldur. Ancaq bu vəziyyətin elmi izahı yoxdur”, – deyə N.Bəydəmirli qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ticarət partnyorları ilə hesabatı eyni valyutada aparır. “İxrac olunan malların yol xərcləri ilə birlikdə fərq maksimum 2-3 faiz ola bilər, lakin bu qədər fərq olmamalıdır. Azərbaycanın idxal əməliyyatları bu ilin ilk 8 ayında olan idxalı keçən ilin müvafiq dövrünə nisbətən 6,23 faiz azalma ilə 5 milyard 539 milyon 988 ABŞ dolları olub. O cümlədən, ixracımız da azalıb.

Ümumi ticarət dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 25,96 faiz azalıb. İxrac 37 faiz azalıb, ixracla əsasən SOCAR məşğul olur. Bu ağla batandır, çünki neftin qiyməti azalıb. Belə olduğu halda, DGK-nın büdcəyə ödənişi azalmalı idi. Ola bilər ki, keçən il bəyannamə qiymətlərinin azaldılması ilə gizlədilib kimlərəsə gedən vəsaitin bir hissəsini indi büdcə ödənişlərinə yönəldirlər”, – deyə sabiq deputat vurğulayıb. N.Bəydəmirli əlavə edib ki, bir çox qida məhsullarının və digər idxal olunan malların bəyannamə qiyməti ilə istehsal olunan ölkədəki qiymətlər düz gəlmir.

“Məsələn, kərə yağının bəyannamə qiymətiylə bazar qiyməti arasında 5-6 dəfə fərq var. Bəzi məhsullarda bu fərq 10-15 dəfəyə çatır. Kərə yağını da, başqa məhsulları da ixrac edən ölkələr BMT-yə hesabat verir. Bu hesabatlardakı qiymətləri DGK-nın statistikası ilə tutuşduranda böyük fərq yaranır. Ümumiyyətlə, Gömrük Komitəsi bir xidmət kimi fəaliyyət göstərsə, daha yaxşı olar. Bu xidmət Vergilər Nazirliyinin tabeliyinə keçsə, daha məqsədəuyğun olar”, – deyə ekspert əlavə edib.
teref.az qarşı tərəfin fikirlərini dinləməyə hazırdır!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.