Respublika Klinik Xəstəxanasında korrupsiya mərəzi
30-09-2016, 00:08
Baş həkim Telman İbadov burada elə bir şərait yaratmışdır ki, nə həkimlərin, nə də digər tibbi personalın xəstələrdən pul almamağa heç bir şansı belə qalmamışdır
Artıq uzun müddətdir ki, müxtəlif mənbələr tərəfindən redaksiyamıza təqdim olunan məlumatlarda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətində yer almış nöqsanlardan doğan narazılıqlar yer almaqdadır. Nəzərə almaq lazımdır ki, ölkənin aparıcı səhiyyə müəssisələrindən biri olan bu xəstəxanada xəstələrin və onların yaxınlarının üzləşməli olduqları bu nöqsanlar vətəndaşlarımızın həm fiziki, həm də mənəvi durumlarına bilavasitə mənfi təsir göstərir. Nöqsanlar isə, Respublika Klinik Xəstəxanasının artıq girişindən diqqətləri cəlb etməyə başlayır. Daxil olan bütün açıqlamalarda birmənalı olaraq vurğulanır ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər, qəbul şöbəsindən əməliyyat otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Hətta xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Belə ki, xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır. Amma yox, hər halda buranın həkimləri ilə rüşvət tələbində bəhsə girmək elə də asan deyil. Məsələn, müəssisənin ultrasəs müayinəsinin aparıldığı kabinetdə də konkret tariflər müəyyənləşdirilib. Belə ki, zobdan müayinə olunmaq üçün həkimə 15-20 manat ödəmək lazım gələcək. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.
Artıq dəfələrlə qeyd etdiyimiz kimi, xəstəxananın reanimasiya şöbəsinin fəaliyyəti də bir çox məqamlarla diqqəti cəlb edir. Müxtəlif vaxtlarda bu şöbədə özləri və ya yaxınları müalicə almış insanlar da təsdiq edirlər ki, həkimə və tibb bacılarına hər gün pul verilməlidir. Əks halda xəstəyə qətiyyən baxılmayacaq. Tariflər isə belədir ki, həkimə hər gün 20-30 manat arası, tibb bacılarına 5-10, sanitara isə 3-5 manat pul verilməlidir.
Maraqlıdır ki, Respublika Klinik Xəstəxanasının daxilində olan bir çox mənbələr də aldığımız məlumatlarda irəli sürülən ittihamları təsdiq edirlər. Həm də bu açıqlamalarda bütün bu halların arxasında bilavasitə baş həkim Telman İbadovun durduğu xüsusi olaraq vurğulanır. Açıqlamalardan birində isə deyilir ki, əslində bizim dərc etdiyimiz materiallarda əks olunan faktlar bu xəstəxanada baş verən neqativ halları heç də tam əhatə etmir.
İddialara görə, baş həkim Telman İbadov Respublika Klinik Xəstəxanasında elə bir şərait yaratmışdır ki, nə həkimlərin, nə də digər tibbi personalın xəstələrdən pul almamağa heç bir şansı belə qalmamışdır. Belə ki, xəstəxanaya gün ərzində girib-çıxanların dəqiq hesabı aparılır və gündəlik baş həkimə təqdim olunur. Eləcə də, ayrılıqda hər bir şöbəyə daxil olanların sayı hesaba alınır. Buraya müayinə, müalicə və hətta sadəcə konsultasiya üçün müraciət etmiş hər bir xəstəyə görə, baş həkim hesab tələb edir...
Təəssüf doğuran ən vacib məqam isə budur ki, Respublika Klinik Xəstəxanasının fəaliyyətində müşahidə olunan bütün bu özbaşınalıqların, ciddi qanun pozuntularının demək olar ki, tam aşkarlıq şəraitində həyata keçirilməsinə rəğmən, bu hallara son qoymaq məqsədilə hələ də aidiyyatı olan heç bir instansiya tərəfindən müvafiq tədbirlər görülmür.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.