“Bp-Azərbaycan”ın rəsmisi ilə məmurun müdhiş saxtakarlığı - Ucar
31-05-2015, 17:24
Ucar sakini Məhəmmədiyyə Məmmədov TİA.AZ-a şikayət məktubu göndərib.
Rayonun Ramal kəndində yaşayan M.Məmmədov məmur özbaşınalığı ilə üzləşdiyini yazıb. Onun sözlərinə görə, “Bp-Azərbaycan” şirkətinin rəsmi koordinatoru Faiq Bağırovla Ucarın Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov onların pulunu mənimsəyib. Məktub müəllifi yazır: “Bu iki şəxs əlbir olub vəzifə səlahiyyətlərindən və bizim savadsızlığımızdan sui-istifadə edib. Bizə düşəcək kompensasiyanı saxtakarlıqla qohumum Məmmədova Mənsurə Ərrəhman qızına verilməsini təşkil ediblər. Belə ki Ucar rayonu Aqrar İslahatlar Komissiyasının 1998-ci il 15 aprel tarixli 05 nömrəli qərarı ilə bizim ailəyə 4.85 hektar pay torpaq sahəsi verilib. Həmin vaxt ailə başçısı mən göstərməklə böyük oğlum Etibar, onun həyat yoldaşı və iki övladına da torpaq sahəsi ayrılıb. Ancaq buna dair ümumi dövlət aktı tərtib edilib. Sonradan oğlum ev tikdirib, ailəsi ilə birgə yaşamasına baxmayaraq pay torpaqlarımız bölünməyib”.
M.Məmmədov bildirir ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi ( CQBKG) Lahiyəsi üçün torpağın ilkin ayrılması üzrə dövlət və mülkiyyətçi arasında anlaşma memorandum imzalanan vaxt onları aldadıblar: “Adlarını göstərdiyim Bp-nin rəsmi koordinatoru Faiq Bağırov, Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olub mənə dedilər ki, bu müqaviləyə imza atmasanız torpağınızı əlinizdən alıb, bələdiyyənin mülkiyyətinə verəcəyik. Bizim savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edib saxta sənədə aldadıb hədə-qorxu ilə imza etdirdilər. Sonra ailəmizə buna görə düşəcək kompensasiyanı saxtakarlıq yolu ilə hədə-qorxu gələrək qohumum Mənsurə Məmmədovaya verilməsinə razı olmağımıza dair sənədə bizə imza atdırdılar”.
Şikayətçi iddia edir ki, kompensasiyanın həcmi də saxtakarlıqla azaldılıb: “Mənim 81 yaşım var və 7 nəfərdən ibarət ailəmizə məxsus pay torpaq sahəmə görə ayrılmış 8.000 manat kompensasiyanın bizə verilməməsi cinayətdir”. Onun dediyinə görə, oğlu Etibar dünyasını 2005-ci il tarixdə dəyişib: “İki böyük övladı var .Düzdür bu kompensasiyanın yarısı onlarındır. Ancaq bizə çatacaq hissəsinin də onlara saxtakarlıqla verilməsi cinayətdir. Rahib Şərifovun saxtakarlığı iki qohumu üz-üzə qoyub. Bp-Azərbaycan şirkətinin rəsmi koordinatoru Faiq Bağırov isə saxta sənədlərlə yerli camaatı aldadıb kompensasiyaların məbləğini azaldıb özü mənimsəyir. Onun bu əməlləri xüsusi komissiya tərəfindən araşdırılıb qanunu tədbirlər görülməlidir. Bizim ailə bu saxtakarlıq, özbaşınalıq faktı ilə əlaqədar Prezidentə, Mehriban xanıma, ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevə və Bp- Azərbaycan Şörkətinin rəhbərinə şikayət ərizəsi ilə müraciət etmişik”.