Qaraşov- Rəcəbli tandemi: Səfalətə sürüklənən Lənkəran

3-10-2016, 02:40           

Maliyyə Nazirliyinin qərarına görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcəkdir ki, bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır. Bununla da yerli gəlirləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Qeyd edək ki, dotasiyadan azad olunan rayonlardan biri də Lənkəran rayonudur.


Taleh Qaraşov

Mötəbər mənbədən Qlobal.az-a verilən məlumata görə Maliyyə Nazirliyinin bu qərarı Lənkəran rayonun rəhbərliyini ciddi narahat edib. Uzun illərdən bəri dövlətin ayırdığı milyonlarla vəsaiti talan edən yerli rəhbərliyə əhali arasında kəskin inamsızlıq var. İllərlə dövlətin ayırdığı milyonlarla vəsaitin hesabına rayonda sosial- iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində heç bir ciddi əməli addım atmayan rayon rəhbərliyinin bundan sonra (yerli vergilər hesabına) hansısa ciddi iş görəcəyi qətiyyən inandırıcı görünmür. Rayonun gəlirli ticarət sahələri və torpaqları bu rayondan parlamentə deputat seçilmiş Hadı Rəcəblinin qohumları tərəfindən zəbt olunub. Belə ki, artıq 15 ildən çoxdur ki, Lənkəran rayonunun maliyyə idarəsinə rəhbərliyi deputat Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov edir. Dövlətdən ayrılan milyonlarla vəsait Hadı rəcəbli- İqbal Rəcəbov və RİH-nin başçısı Taleh Qaraşov tərəfindən sovrulur.


Hadı Rəcəbli

Məlumatlara görə, Lənkəran rayonunda fəaliyyət göstərən dövlət idarə və müəssisələrinin invertarlaşmasını həyata keçirən şirkət də Hadı Rəcəlinin yaxın qohumlarına məxsusdu. Keyfiyyətsiz texniki avadanlıqları və məişət əşyalarını ikiqat baha qiymətə idarə və müəssələrə satan bu şirkət hətta ötən ildən Lənkəran rayonundakı dövlət idarə və müəssisələrindən aldığı sifarişləri hələ də yerinə yetirməyib. Halbuki bu təşkilatlar 1 ildən çoxdur ki, Hadı Rəcəblinin qohumlarının şirkətinə pul ödəyiblər. Saytımıza verilən informasiyaya görə, RİH-nin başçısı Taleh Qaraşovun qeyri- qanuni tələbləri əsasında inzibati ərazi nümayəndələri həmin texniki avadanlıqları borc -xərc öz hesablarına alıblar. Buna görə də Lənkəran RİH-nin başçısının inzibati ərazi üzrə nümayəndələrinin əksəriyyətinin külli-miqdarda kredit borcu olduğu bildirilir. Vurğulanır ki, RİH-nin başçısı Taleh Qaraşovun bu tapşırıqlarını yerinə yetirməyən idarə və müəssisə rəhbərləri isə deputat Hadı Rəcəblinin qardaşının göndərdiyi komissiyalar ilə "təfriş olunur” və külli miqdarda "yeyintiləri” aşkara çıxarılır. Bundan sonra isə həmin təşkilat rəhbərləri könüllü surətdə vəzifələrindən azad olunmaqları barədə ərizə yazırlar. Lənkəran rayonunda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin vəzifələrinin tarixinə nəzər salmaq bu məlumatların nə dərəcədə doğru olduğunu bir daha sübut edir.


Qaraşov- Rəcəbli tandemi: Səfalətə sürüklənən Lənkəran
Hadı Rəcəbli sahibi olduğu "Palıdlı Sahil" istirahət kompleksində

Saytımıza verilən digər məlumatda isə Lənkəran rayonunun perspektivli torpaq sahələrinin yuxarıda adıçəkilən qruplar tərəfindən qeyri –qanuni olaraq zəbt edilərək yaxın qohum- əqrabalarının, tanışlarının adlarına rəsmiləşdirildiyi deyilir. Belə ki, Lənkəran rayonunun turizm sahəsi üçün əlverişli olan hissəsi- Xəzər dənizi sahəsində yerləşən Aşağı Nüvədi, Kənarmeşə, Şilim, Sütəmurdov, Siyavar və Xanbulan kəndlərinin əraziləri yerli əhalinin xəbəri olmadan başqa insanların adlarına sənədləşdirilib. Qəpik –quruşa sənədləşdirilən bu torpaq sahələrinin dəyəri hal- hazırda yüz min manatlarla ölçülür. Hazırda bu torpaq sahələri paytaxt Bakıdan və digər rayonlardan olan imkanlı şəxslərə satılmaqdadır.

Lənkəran rayonunu sözün əsl mənasında zəbt etmiş Qaraşov- Rəcəbli tandeminin rəhbərlik etdiyi bu qrupun digər üzvü isə BDYPİ-nin idarə rəisi Müşviq Rəhimovdur. Qeyd edək ki, Müşviq Rəhimovun deputat Hadı Rəcəblinin xalası oğlu olduğu söylənilir. Uzun illərdən bəri Müşviq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. İddialara görə, hətta Rəhimovun satdığı dövlət nömrələrinin qiyməti bəzən 20-30 min manatadək yüksələ bilir. Məhz Müşviq Rəhimov bu qanunsuz əməllərinin müqabilində milyonlara sahiblənə bilib. Rəis işlədiyi müddətdən bu yana ancaq pul yığmaqla məşğul olan Rəhimov xalası oğlu Hadı Rəcəblinin məsləhət və xeyir-duası ilə son illər biznesə girişib. Türkiyə Cümhuriyyətində biznesi olduğu söylənilən Rəhimov Lənkəran rayonunun Xəzər dənizi sahilində smeta dəyəri 6 milyon manatdan çox olan "Xəzər- Palase” adlı otel-restoran tikdirib. Qeyd edək ki, bu otel- restorandan əlavə olaraq Rəcəblilər klanı "Palıdlı Sahil” adlı daha bir istirahət kompleksinə də sahibdirlər. Bu əlbəttə ki, Rəcəblilərə məxsus olan və hamının bildiyi obyektlərdir. Məlumata görə, Lənkəran rayonunda Rəcəblilərin sahib olduğu obyektlərin sayı onlarladır. Ancaq bu obyektlər bilərəkdən müəyyən adamların – hətta respublika səviyyəli şəxslərin adlarına bağlanılır. Və bununla da maraqlı tərəflərin, əsasən də yerli əhalinin diqqəti böyük ustalıqla yayındırılır. Buna misal olaraq isə "Xəzər Palase” otel- restoranı göstərə bilərik. Bu otel-restoran tikilərkən bütün Lənkəran rayonunda şayiə yayıldı ki, guya bu obyekt Paşayevlərə məxsusdu.

Xəzər- Palase

2012-ci ildən indiyədək Lənkəran rayonuna rəhbərlik edən Taleh Qaraşovun könlündən bir zamanlar Respublika Prezidenti İlham Əliyev cənablarına qonşu olmaq keçib. Hətta bu məqsədlə Azərbaycan Respublikasının Prezidentinin Lənkəran rayonunda yerləşən iqamətgahının qonşuluğuna tikinti materialı tökdürdüyü də deyilir. Bir müddət əvvəl baş verən və yerli media orqanları tərəfindən tirajlanan bu xəbər ali instansiyaların da diqqətinə səbəb olub. RİH başçısının bu iddiasından bərk qəzəblənən ali rəhbərlik tez bir zamanda bu özbaşınalığa son qoymağı Taleh Qaraşovdan tələb ediblər. Və bununla da Taleh Qaraşovun Prezidentə qonşu olmaq arzusu çin olmayıb.

Saytımıza verilən digər məlumatda Lənkəran rayonunu zəbt etmiş qrupa daha bir şəxsin qoşulduğu deyilir. Məlumata görə son zamanlar Azərbaycan Ağır Atletika Federasiyasının sabiq vitse- prezidenti (hazırda baş məşqçi), AAAF- İnşaat MMC-nin təsisçisi Tofiq Heydərovun da Hadı Rəcəli ilə münasibətləri qabarıq görünür. Məlumata görə, Lənkaranda bir çox obyektləri olan Tofiq Heydərov Hadı Rəcəbli tərəfindən rayonda daha böyük obyektlərin tikintisinə həvəsləndirilsə də Heydərov hələ ki, gözləmə mövqeyindədir. Vurğulanır ki, Heydərovun ehtiyatlılığına səbəb "yuxarı”larda olan dostların xəbərdarlığıdır. Belə ki, yaxın günlərdə özünü Lənkəran RİH-nin başçısı vəzifəsində doğrultmayan Taleh Qaraşovun postundan alınacağı görünür. Qeyd edək ki, artıq bu barədə Lənkəran RİH-də də söz-söhbətlər gəzməkdədir.

Tofiq Heydərov

Beləliklə, Maliyyə Nazirliyi son qərarı ilə Lənkəran rayonunu dotasiyadan azad etməyi uzun illərdən bəri bu rayonu dədə malı kimi çapıb- talayan vəzifəli şəxsləri "çemodan” vəziyyətinə gətirib. 15 ildən artıq müddətə rayonun Maliyyə İdarəsinin rəisi vəzifəsində işləyən İqbal Rəcəbovun da qardaşı Hadı Rəcəblinin köməkliyi ilə nazirliyə vəzifəyə gətiriləcəyi deyilir. Görünür belə işlərdə böyük təcrübəsi olan cənab deputat bununla da "suyu sovrulmuş dəyirmandan” qardaşını uzaqlaşdırmaq istəyir.

Qeyd edək ki, dövlətinə böyük sədaqətlə xidmət etmiş zəhmətkeş və qəhrəman lənkəranlılar yerli rəhbərlikdə çalışan məmurların talanına və biganəliklərinə baxmayaraq Respublika Prezidenti İlham Əliyev cənablarının yürütdüyü siyasətə daima dəstəklərini nümayiş etdiriblər. Və bu dəstəklərini ötən ay ölkədə keçirilən ümumxalq səsverməsində - referendumda bir daha təsdiq etdilər. Qəbul olunmuş referendumun nəticəsi olaraq Respublika Prezidenti İlham Əliyev cənablarının yaxın zamanlarda geniş və əhatəli islahatlara başlayacağı gözlənilir. Lənkəranlılar ümid edirlər ki, bu islahatların nəticəsi olaraq rayonda iqtisadi-sosial vəziyyət yaxşılaşacaqdır.

Yazıda adıçəkilən şəxslər də münasibət sərgiləyə bilərlər.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.