Alı Alıyev "torpaq kralına" necə çevrildi? - ilginc məqamlar
4-10-2016, 13:45
Füzulinin icra başçısı nüfuzlu şəxslərdən birinin adından istifadə edib maraqlarını reallaşdırmağa çalışır Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vəzifədən kənarlaşdırılması ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı Füzuli rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir.
Belə ki, icra başçısının yarıtmaz fəaliyyətinin artıq Füzuli camaatını bir sıra təsirli addımlara baş vurmağa vadar etdiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, əhali icra başçısı Alı Alıyevin daha perspektivli və işgüzar birisilə əvəzlənməsini, rayonun problemlərinin tez bir zamanda həll olunmasını, eləcə də işsizlik probleminin aradan qaldırılmasını tələb edirlər: «Deyilənlərə görə, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin adamlarının əhaliyə, əsasən də sahibkarlara göz verib işıq vermirlər. Odur ki, artıq rayon sakinlərinin səbri tükənmək üzrədir.
Buna görə də müvafiq dövlət qurumları tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Bu arada, onu da əlavə edim ki, Alı Alıyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb.
Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur». Hazırda Füzuli rayonunun kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu qeyd edən mənbənin bildirdiyinə görə, büdcədən ayrılmış vəsaitlərin xərclənməsi də düzgün aparılmır: «Deyilənlərə görə, bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür.
Belə ki, rayonda aparılan bir sıra təmir-bərpa işlərinə çəkilən xərclərlə göstərilən rəqəmlər arasında ziddiyyət var. Qeyd olunur ki, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən yığılmış vəsaitlər hesabına reallaşdırılıb. Ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlıdır». Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nüfuzlu məmurlardan birinin adından istifadə edərək torpaq sahibi olan əhalini müxtəlif üsullarla malik olduqları torpaq sahələrindən imtina etməyə vadar etdiyini deyən məlumatlı şəxs iddia edir ki, kimini həmin nüfuzlu məmurun adından istifadə etməklə qorxudaraq, kimini isə çox ucuz qiymətə torpaq sahəsini satmağa məcbur edərək böyük bir kampaniya aparan icra başçısı və onun yaxın adamları artıq geniş əraziyə malik torpaqları ələ keçiriblər: «Bundan başqa, deyilənlərə görə, hazırda Füzuli rayonunda təhsil də demək olar ki, yox səviyyəsindədir. Məsələn, əksər kəndlərdə ən yaxşı halda beş-altı nəfər məktəbə gedir. Küləkli, çiskinli havalarda isə dərsə nə müəllim, nə də şagird gedir. Bütün bunlara baxmayaraq, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev kəndlərə gedib əhalinin problemlərilə maraqlanmır. Halbuki hər il dövlət büdcəsi təsdiqlənəndə regionların inkişafı üçün külli miqdarda pul ayrılır.
Hətta müxtəlif vaxtlarda Prezidentin Ehtiyat Fondundan da vəsait ayrılıb. Söz yox ki, həm büdcədən, həm Prezidentin Ehtiyat Fondundan, həm də daxili imkanlar hesabına Füzulidə çox ciddi işlər görmək olar. Lakin hələ ki, ortada hər hansı bir nəzərəçarpacaq fəaliyyət, ciddi irəliləyiş hiss olunmur. Görünür, həmin vəsaitlər hansısa başqa istiqamətlərə sərf olunur. Bir qədər öncə də qeyd etdiyim kimi, işlədiyi müddətdə Alı Alıyev Füzulidəki bütün boş torpaqların əksəriyyətini qohumlarının, özünə yaxın idarə müdirlərinin qohumlarının adına keçirib.
Deyilənlərə görə, bütün bu qanunsuzluqları Füzuli Rayon Təhsil Şöbəsinə yenicə təyin edilmiş başçının yaxın qohumu Hüseyn Abbasov həyata keçirir. Hüseyn Abbasov Kənd Təsərrüfatı Nazirliyində çalışarkən bütün subsidiyalar onun əli ilə sənədləşdirilərək mənimsənili». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.