PREZİDENTİ YENƏ ALDATDILAR? - Tavanı daman yeni məktəb istifadəyə verilməmiş lenti kəsilib

5-10-2016, 14:48           
PREZİDENTİ YENƏ ALDATDILAR? - Tavanı daman yeni məktəb istifadəyə verilməmiş lenti kəsilib
Ölkə başçısı İlham Əliyev sentyabrın 27-də Səid Rüstəmov adına Sumqayıt şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib. Prezident məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib, məktəblə tanış olduqdan sonra bildirib ki, məktəb əvvəllər doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində və əlavə tikilmiş qeyri-yaşayış sahəsində yerləşirdi. Məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Yeni binanın inşasına keçən ilin noyabrında başlanılıb. Tikinti işləri bu ilin sentyabrında başa çatdırılıb.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin verdiyi məlumata görə, ümumi sahəsi 2950 kvadratmetr olan bina üçmərtəbəlidir. Buradakı 27 sinif otağının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 120 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və emalatxanalarda dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda Uşaq İncəsənət Məktəbində 730 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 217 müəllim məşğuldur. Məlumatda bildirlir ki, prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinləyib.
Lakin Hurriyyet.org-a daxil olan məlumata görə, məktəb istifadəyə tam hazır olmayıb. Xor kollektivi və onları idarə edən müəllim Sumqayıt şəhər 2 nömrəli incəsənət məktəbindən gətirilib. Bir həftədir istifadəyə verilən yeni binanın üçüncü qatı aramsız yağan yağışlar nəticəsində damır, PREZİDENTİ YENƏ ALDATDILAR? - Tavanı daman yeni məktəb istifadəyə verilməmiş lenti kəsilibdöşəmə yararsız vəziyyətə düşüb. Odur ki, məktəbə daşınan avadanlıqlara baxmayaraq, yeni binada dərs tədris olunmur. Məktəbin bəzi müəllimləri narahatdırlar ki, təmirə ehtiyacı yaranan yeni tikintinin əyər-əskiyi onların əməkhaqqından tutulmaqla tamamlanacaq.
Məsələ ilə bağlı məktəbin direktoru Əziz Əəzizovla əlaqə saxladıq. Direktor dedi ki, deyilən məlumatların heç biri həqiqəti əks etdirmir. Bina yeni istifadəyə verildiyinə görə, hazırda yerləşdirilmə aparılır, hələ orada dərslər keçirilmir: “Hər işlərimiz qaydasındadır. Xor kollektivində oxuyan uşaqlar isə təkcə bizim məktəbin deyil, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin xor kollektivi olub”.
O zaman gedib yerindəcə biz də vəziyyətlə tanış olmaq istədik. Direktor dedi ki, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə əlaqə saxlayaq. İdarənin rəisi Mehman Şükürovla əlaqə yaratmağa cəhd etdik. Əlaqə telefonu da qoyduq. İkinci zəngimizdə köməkçisi bildirdi ki, rəis təcili icra hakimiyyətinə çağırılıb.
İcra hakimiyyətilə əlaqə saxladıq. Bizə İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Fərman Kazımovun əlaqə nömrəsi verildi. Ona edilən zənglərimizə isə cavab ala bilmədik.
Hurriyyet.org

P.S. Yazı sayta yerləşdirildikdən sonra Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov bizimlə telefon əlaqəsi yaradaraq deyilənlərlə razılaşmadığını və hər şeyin qaydasında olduğunu, həmçinin məsələ ilə əlaqədar jurnalistlər üçün mətbuat konfransı keçirəcəklərin bildirdi.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.