“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 00:07
“Ermənistana 10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, onlar bu şərtlər altında belə Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsinə gəlib çata bilməyəcəklər. Belə bir ehtimal mövcud deyil”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkil Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun peşəkarlığı ilə yanaşı, hərbi xərcləri də hər ötən il artmaqdadır:
“2025-ci il üçün Silahlı Qüvvələrimizin xərcləri bir qədər də artırıldı ki, bu da dövlətimizin müdafiə və təhlükəsizliyinin yüksək səviyyədə təminatı baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycan Ordusu 2020-ci illə müqayisədə çox güclənib. Ölkəmizdə yeni və güclü hərbi birləşmələr formalaşıb. Nə Ermənistan, nə də Ermənistanın havadarları Azərbaycanla güc dili ilə danışa bilməzlər.
Azərbaycan həm iqtisadi, həm də hərbi qüdrətinə görə bu regionda lider dövlətdir və Cənubi Qafqasla bağlı istənilən məsələdə Azərbaycanın mövqeyini, onun iradəsini nəzərə almadan kimsə hər hansı addım ata bilməz”.