ABŞ ərazisinin tamamına yaxını, ya başqa dövlətlərdən, ya da yerli qəbilələrdən pulla-malla alınıb
27-01-2025, 12:44
“Ay aman, qoymayın, Tramp dünya hüquq sistemini dağıdır, Grelandiyanı pulla almaq istəyir”, - Rusiya kanalları və bizdə də bəzi “sol-liberal” çevrələr, indi də bu tezisi yayırlar.
ABŞ tarixini, dünya tarixini bilməyənlər manipulyasiya ilə məşğuldurlar – indiki ABŞ ərazisinin tamamına yaxını, ya başqa dövlətlərdən, ya da yerli qəbilələrdən pulla-malla alınıb. Məsələn, bu gün ABŞ-da ən bahalı topraq sahələrindən biri olan Manhattan-ı yerli qəbilə ilə paltara və balta-bıçağa dəyişib.
ABŞ-ın indiki ərazisinin 30%-nə yaxınını ölkə prezidenti Thomas Jefferson 1803-cü ildə “Louisiana Purchase” anlaşması ilə Fransadan alıb. Anlaşma ilə bu günkü Arkanzas, Missuri, Ayova, Oklahoma, Kanzas, Nebraska, cənub Minnesota, Şimali Dakotanın çox hissəsi, demək olar ki, bütün Cənubi Dakota ştatı, Şimal-şərq Nyu Meksiko, Montananın çox hissəsi, Vayominqin bir hissəsi, şimali Texas, Koloradonun şərq yarısı, Luiziana ştatının bir hissəsi (Missisipi çayının hər iki tərəfində), o cümlədən Yeni Orlean şəhəri ABŞ ərazisi oldu. 1867-ci ildə ABŞ, indiki ərazisinin 17%-i, yəni Alyaska ştatını Rusiya İmperiyasından satın alıb.
Meksikadan “Gadsden anlaşması” ilə torpaq aldı, qalan hissəni Meksika satmaqdan imtina edəndə, torpaqları referendumla öz ərazisinə qatdı.
Danimarkadan da ABŞ torpaq alıb – 1917-ci ildə “Virgin adalarını”, o vaxtın pulu ilə 25 mln. dollara Danimarkadan satın alıb.
Yəni, “Tramp dünyanı dağıdır, heç kimin etmədiyini edir”, kimi içiboş tezisləri yayanlar tarixdən bixəbərdirlər. Yeri gəlmişkən, 1946-cı ildə prezident Harri Truman Grelandiyanı 100 mln. dollara almaq istəyib, amma, o zaman bu anlaşma başa çatmadı.
Yazını yazmaqda məqsədim odur ki, insanlar məlumatlı olsunlar, Rusiyanın və dünyadakı sol-liberal kəsimin təbliğata aldanmasınlar...
Natig Cəfərli
TEREF