Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 08:01
Azərbaycan ərazisində hərbi cinayətlər törətməkdə ittiham edilən şəxslərin məhkəməsi erməni diasporunda narahatlığa səbəb olub.
Globalinfo.az xəbər verir ki, diaspor həmin şəxslərin səsləndirdikləri etiraflar fonunda Bakıya qarşı təzyiqləri gücləndirməyə çalışır. Xüsusilə Ruben Vardanyanın azad edilməsi tələbi ilə başlayan təzyiqlər silsiləsinə artıq erməni lobbisi ilə işləyən amerikalı konqresmenlər də qoşulub.
Diqqətçəkən məqam isə bu işdə demokrat konqresmenlərin aktivlik nümayiş etdirməsidir. Belə ki, qatı ermənipərəst mövqeyi ilə seçilən demokrat konqresmen Adam Şiff ABŞ Dövlət Departamentini Azərbaycanı “insan haqlarının pozulmasına” görə məsuliyyətə cəlb etməyə çağırıb. Onun məhz erməni diasporunun direktivləri ilə bu məsələdə canfəşanlıq etdiyi bildirilir.
Xatırladaq ki, yanvarın 17-si keçirilən məhkəmədə Araik Arutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması əmrini o verməyib. Araikin bu etirafından rəsmi İrəvan, həmçinin erməni diasporu təşvişə düşüb. Diaspor məhz bu məhkəmədən sonra Ruben Vardanyanla bağlı məsələni gündəmə gətirməyə çalışır.