Məhkəmə “Meydan TV”nin jurnalistini həbsdə saxlayıb
Bu gün, 15:34
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın ev dustaqlğına buraxılmasının təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
Bu barədə Amerikanın Səsinə vəkil Cavad Cavadov bildirib.
Onun sözlərinə görə, jurnalist məhkəmədə iştirak edib.
"Aytac Tapdıq prosesdə iştirak edirdi. O dedi ki, 10 ildən çoxdur “MeydanTV"nin jurnalisti kimi fəaliyyət göstərir və həbsi jurnalist fəaliyyəti ilə bağlıdır. Aytac Tapdıq məhkəmənin diqqətinə çatdırdı ki, həbsi “Toplum TV”, “Abzas Media” jurnalistlərinin, ictimai fəalların həbs ssenarisi üzrədir və bu həbslərin davamıdır. Jurnalist qaçaqmalçılıq ittihamını uydurma hesab edir və qaçaqmalçılıqla hər hansı əlaqəsinin olmadığını bildirdi. Müdafiə tərəfi də bu mövqeyi dəstəkləyir və Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulması hesab edir”, vəkil qeyd edib.
Onun sözlərinə görə, hətta jurnalistə qarşı cinayət təqibi üçün obyektiv əsaslar olsaydı belə, onun həbsi məqsədəuyğun deyildi.
Vəkil deyib ki, jurnalistin həbsi Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndiriləcək.
2024-cü il dekabrın 6-da "Meydan TV"nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın jurnalistləri Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov həbs olunub. Dekabrın 8-də Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.
"Meydan TV" jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.
"Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub", bəyanatda qeyd edilib.
"Meydan TV" 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.
Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.
2015-ci ildə "Meydan TV" haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.
Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.
2017-ci ildə ölkə ərazisində "Meydan TV"nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabına dəfələrlə kiberhücum olunub, materialları silinib.
2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir.